Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin avtomatlaşdırılması istiqamətində daha bir addım kimi, sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün elektron təyinat mexanizmi işə salınıb. Bununla əlaqədar nazirliyin tabeliyindəki DOST Agentliyində mətbuat konfransı keçirilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov dövlət başçısının tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçildiyini xatırladıb. Onun verdiyi məlumata görə, il ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi e-pensiya sistemi ilə əhatə olunur və cari ilin ötən dövründə artıq 15 min şəxsə e-qaydada pensiya təyin olunub.
Fond direktoru diqqətə çatdırıb ki, il ərzində bu e-xidmət təqribən 7,5 min uşağa müavinətin və onlara qulluq edən həmin sayda da şəxsə təqaüdün avtomatlaşdırılmış şəkildə təyinatı üzrə 15 minədək insanı əhatə edəcək. Beləliklə, il ərzində 15 min insanın artıq heç bir yerə müraciət etməsinə, sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin müavinət və təqaüdlər onlara proaktiv şəkildə təyin ediləcək.
Sonra təyinat mexanizminin təqdimatı olub. Qeyd edilib ki, uşağa sağlamlıq imkanları məhdudluq elektron sistem üzərindən təyin edilən kimi, aylıq müavinət də avtomatik müəyyən ediləcək. Nazirliyin “Əlillik” altsistemində hər hansı bir uşağa sağlamlıq imkanları məhdudluq təyin edildikdən sonra bu barədə məlumat digər altsistemə - "Sosial ödənişlər" altsisteminə ötürülür. Həmin altsistem uşağa aylıq müavinəti və ona qulluğa görə valideyninə təqaüdü avtomatik təyin edir və bu barədə, həmçinin ödəniş kartını hansı bankdan alacağına dair SMS-məlumat göndərir. Şəxsin telefonu olmadıqda nazirliyin "142" Çağrı mərkəzi və ya e-sosial.az internet portalı vasitəsilə, yaxud, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə şöbəsindən məlumatı ala bilər.
Tədbirdə bildirilib ki, vətəndaş məmnunluğuna imkan yaradan bu innovativ yeniliklərin əhatə dairəsi getdikcə daha da genişlənəcək. Bu ilin sonuna kimi ümumilikdə 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq.
Müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək şəxs üzrə təyinatlar proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçiriləcək.