Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək

2019.11.13 14:51 (UTC+04:00)

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı mövcud iqtisadi əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək. Bu barədə noyabrən 13-də İqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın VII iclası keçirilib. İclasın nəticəsi olaraq, tərəflər arasında razılaşdırılmış müvafiq protokol imzalanıb. Protokolda iqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən ticarət, nəqliyyat, logistika, turizm, enerji və digər sahələrdə əməkdaşlıq barədə müddəalar əksini tapıb: "Fürsətdən istifadə edərək, Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuri və onun rəhbərlik etdiyi nümayəndə heyətinə konstruktiv müzakirələrə görə təşəkkürümü bildirirəm. İnanırıq ki, ölkələrimiz arasındakı mövcud iqtisadi əməkdaşlıq əlaqələri bu günlərdə həyata keçirilən işlər nəticəsində daha yüksək səviyyəyə qalxacaq. Noyabrın 12-də dövlətimizin başçısı ilə görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsinə dair tövsiyələr verildi. Əminəm ki, qarşıdakı dövrdə əməkdaşlığımızın müxtəlif sahələri üzrə irəliləyişini müşahidə edə biləcəyik".