Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərracdekabrın 10-da keçiriləcək. Komitədən bildirilib ki, budəfəki hərraca ümumilikdə 120 dövlət əmlakı çıxarılıb. Onlardan 70-i kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyəti, 6-sı yarımçıq tikili və qeyri-yaşayış sahəsi, 25-i isə nəqliyyat vasitəsi və avadanlıqlardır.
Kiçik dövlət müəssisələrinin ümumi faydalı sahələri 12,2 kvadratmetr ilə 2102,4 kvadratmetr arasındadır. Respublikanın müxtəlif bölgələrində yerləşən bu dövlət əmlakları arasında ticarət, xidmət obyektləri, o cümlədən istehsal müəssisələri, əmlak kompleksləri, qeyri-yaşayış binaları var.
Fərqli sahələr üzrə fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin 30-45 faizlik səhm paketləri özəlləşdirməyə çıxarılıb. Bu dövlət əmlakları Salyan, Oğuz, Lerik, Sabirabad kimi şəhər və rayonlarda yerləşir.
İstehsal tarixləri 2007-2008-ci illər arasında olan nəqliyyat vasitələri "VAZ" və "Nissan" markalı bu avtomobillərin ilkin hərrac qiymətləri 3 min 100 manatla 10 min manat arasındadır.
Qeyd edək ki, noyabrın 12-də növbəti özəlləşdirmə hərracı keçirilib. Rəqabətli hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış tarixləri 2006-2008-ci illər olub. Avtomobillər "Mercedes", "Qaz", "BMW" və "Fiat" kimi markalara aiddir.
Hərraclara çıxarılan hər bir dövlət əmlakı ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər rəsmi sayta (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Sifarişçilərlə yanaşı, hərraca marağı olan digər şəxslər də özəlləşməyə onlayn qoşula bilər.