2020-ci ilin dövlət büdcəsi islahatların güzgüsüdür

2019.11.13 11:55 (UTC+04:00)

2020-ci ilin dövlət büdcəsi manat ifadəsində Azərbaycanın ən böyük büdcəsi olmaqla yanaşı, yeni təsnifat ilə tərtib olunmuş ilk büdcədir. Millət vəkili Tahir Mirkişili qeyd edib ki, büdcə həm iqtisadiyyatda, həm də cəmiyyətdə aparılan islahatların güzgüsüdür: "Dövlət büdcəsini təhlil edərkən iki mühüm məqama fikir vermək lazımdır:

Öncə onu qeyd etmək lazımdır ki, ölkədə aparılan sosial-iqtisadi islahatların əsas məqsədi dayanıqlı iqtisadi inkişaf modeli qurmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, sosial qayğı və dəstəyi artırmaqdır. Büdcənin gəlir hissəsində artımın müstəsna olaraq qeyri-neft və vergi gəliri hesabına formalaşması, bu sahədə şəffaflıq və etimad mühitinin yaranması, digər tərəfdən büdcə xərclərinin 38,5 faizinin sosial sahəyə ayrılması, bu tədbirlərin davamı üçün büdcədə əlavə ehtiyatların nəzərdə tutulması, bununla yanaşı, iqtisadi aktivliyin və yeni iş yerlərinin açılması üçün vəsaitlərin nəzərdə tutulması 2020-ci ilin dövlət büdcəsinin ölkə prezidentinin apardığı sosial-iqtisadi islahatları özündə əks etdirdiyini deməyə əsas verir. Digər tərəfdən, neftin qiymətinin 55 dollar götürülməsi, yerli büdcələrin həcminin 28,5 faiz artması, büdcə kəsirinin qapanması üçün ehtiyatların mövcudluğu, dövlət borcunun xeyli aşağı olması, iqtisadi islahatların büdcə gəlirlərində əlavə imkan yaradacağı əminliyi dövlət büdcəsinin dayanıqlı olduğunu deməyə əsas verir".

Tahir Mirkişili bildirib ki, ölkədə aparılan iqtisadi islahatlar büdcənin tərtibində də öz əksini tapıb. Büdcə sistemi haqqında qanuna edilən dəyişikliklər, yeni büdcə xərclərinin təsnifatı və s. bunlara aiddir: "İslahatların ölkədə şəffaflığı xeyli artırdığını nəzərə alaraq büdcə tərtibində ən effektiv vasitə olan elektron büdcə sisteminin yaradılması məqsədəuyğun olardı. Düşünürəm ki, rəqəmsal iqtisadiyyatın qurulmasına mühüm töhfə verəcək bu sistem büdcənin planlaşdırılmasından tutmuş, xərclərin auditinə qədər bütün mərhələləri əhatə edə bilər. İnanıram ki, bu gün müzakirə olunan bir çox problemi rəqəmsal texnologiyaların tətbiqi ilə həll etmək mümkündür".

Səbuhi TURAN