Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi Yasamal Yaşayış Kompleksində 2019-cu il oktyabrın 16-da "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə seçilmiş 570 mənzildən 284-nün alğı-satqısı uğurla başa çatdırılıb. Bu barədə MİDA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin mənzillərdən 2-si oktyabrın 18-də mənzili gözləmə qaydasında birinci sırada seçilmiş şəxslər tərəfindən əldə edilib. Hazırda qalan mənzillərin satışının rəsmiləşdirilməsi qaydalara uyğun davam etdirilir.
Güzəştli şərtlərlə əldə edilmiş 284 mənzildən 49-u 1 otaqlı, 159-u 2 otaqlı, 76-sı isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 140-ı mənzili öz vəsaiti hesabına, 144-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.
Məlumatda bildirilib ki, tezliklə Yasamal Yaşayış Kompleksində qalan mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək. Bununla əlaqədar mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməlidir.
Qeyd edək ki, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası"na əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq "Güzəştli mənzil" sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.