Daha effektiv vergi sisteminin qurulması müzakirə edilib

2019.11.12 17:33 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Avstriyanın Federal Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Ortamüddətli gəlir strategiyası - daha effektiv vergi sisteminin qurulması" mövzusunda konfrans keçirilib. Avstriyada keçirilən konfransda Albaniya, Misir, Özbəkistan, Finlandiya, Moldova, Latviya, Bolqarıstan, Qazaxıstan, Rumıniya, Azərbaycan, Rusiya və digər ölkələrin maliyyə və vergi qurumlarının nümayəndələri iştirak edib. Tədbirdə ölkəmizi Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva təmsil edib.

Samirə Musayeva "Hökumətin bütövlükdə dəstəyi ilə vergi sistemi islahatı üçün hökumətin səylərini inkişaf etdirmək" mövzusuna həsr olunmuş panel müzakirədə iştirak edib, ölkədə həyata keçirilən vergi islahatlarının siyasi, sosial-iqtisadi təsirlərin müəyyən olunmasında dövlətin dəstəyi, ölkədə tətbiq olunan konsepsiyalar, strategiya və proqramlar, 2018-ci ildə vergi sistemində aparılan islahatlar və onların nəticələri ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Müzakirə zamanı iştirakçıların Azərbaycan vergi sistemindən aparılan islahatlarla bağlı sualları cavablandırılıb.