Cari ilin 10 ayında Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 4,7 milyon sərnişin təşkil edib ki, bu da son illərin rekord göstəricisidir. Bunun 4 milyondan çoxu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür və bu da ötən ilin göstəricisindən 200 min sərnişin çoxdur. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, Naxçıvan hava limanı 541 min sərnişinə xidmət göstərib, Gəncənin hava limanı isə 127 min sərnişin ilə üçüncü olub.
Sözügedən müddət ərzində milli aviadaşıyıcı AZAL 1,72 milyon sərnişin, Azərbaycanın loukost aviaşirkəti "Buta Airways" isə 499 min sərnişin daşıyıb.
Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 3,52 milyon nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı "Türk Hava Yolları" (Türkiyə, 418 min sərnişin), "FlyDubai" (BƏƏ, 207 min), "Aeroflot" (Rusiya, 167 min), "AirArabia" (BƏƏ, 141 min), "UIA" (Ukrayna, 107 min), "Qatar Airways" (Qətər, 90 min), "Lufthansa" (Almaniya, 59 min) və "SCAT" (Qazaxıstan, 52 min) daxil olub.
Bu ilin oktyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 32 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib. Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir. Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.