Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxış imkanları

2019.11.12 16:49 (UTC+04:00)

Noyabrın 14-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə "Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər" mövzusunda forum keçiriləcək. Agentlikdən verilən məlumata görə, tədbirdə müxtəlif bankların, bank olmayan kredit təşkilatlarının, kredit ittifaqlarının, eləcə də Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və KOBİA-nın nümayəndələri iştirak edəcək. Forumda sahibkarların maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər, maliyyə təşkilatları tərəfindən göstərilən xidmətlər, dövlət və özəl qurumların təqdim etdiyi mövcud və alternativ maliyyələşdirmə mexanizmləri ilə bağlı ictimai müzakirələr aparılacaq.

Tədbir çərçivəsində həmçinin, müxtəlif maliyyə təşkilatlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim etdiyi xidmətlərin sərgisi təşkil olunacaq.