Beynəlxalq Mühasiblər Günü

2019.11.12 16:25 (UTC+04:00)

Bir çox ölkələrdə mühasib günü ilə bağlı milli bayramların qeyd olunmasına baxmayaraq, bu sahədə beynəlxalq bayramın təsis olunması üçün dəfələrlə müzakirələr aparılıb. Təqvimdə bu bayramın qeyd olunması üçün 10 noyabr günü heç də təsadüfi seçilməyib. 15-ci əsrdə, daha dəqiq, 1494-cü ilin noyabr ayının 10-da Venesiyanın mədəni həyatında əhəmiyyətli bir hadisə baş verir. Həmin gün Venesiyada Luka Paçolinin "Hesab, həndəsə və nisbətlər barədə hər şey" (Summa de Arithmetica, Geometria, Proportioni et Proportionalita) kitabı nəşr olunur. Həmin kitabda müəllif riyaziyyatla bağlı həmin dövrə aid bilikləri cəmləşdirməyə cəhd edir. Kitabın fəsillərindən biri "Hesablar və digər qeydlər barədə" (Partikularis de computis et skripturis) adlanırdı və Venesiyada mövcud olan mühasibat uçotunu ətraflı təsvir edirdi. Bu kitab, kommersiya mühasibatlığına dair bir sıra geniş işlərin yaradılmasına əsas verən ikili mühasibat uçotu metodu üzrə ilk çap işidir.

Mühasibat işinin əsasları orada elə dəqiq və izahlı verilmişdi ki, hətta bizim günlərdə belə Paçolinin mühasibat uçotunun aparılması metodu öz əhəmiyyətini qoruyub saxlaya bilib. Bundan əlavə, onların baza prinsipləri və terminlərindən, mühasibatlıqla bağlı son nəsil kompüter proqramlarında belə istifadə olunur.

Bu gün heç bir kommersiya və ya dövlət müəssisəsi mühasibsiz keçinə bilməz. Eləcə də yaxşı mühasib istənilən şirkətdə, bele demek memkünsə, birinci şəxsdir! Bu səbəbdən noyabrın 10-u tarixini bir çox müəssisə və şirkətlərdə peşə bayramı kimi qeyd etmək xoş bir ənənəyə çevrilib. Həmin tarixdə ABŞ-da yaxşı mühasiblərə pul və ya digər qiymətli hədiyyələr, İngiltərədə isə suvenirlər və ya onların əməyini əks etdirən mövzuda tortlar (kompüter və ya mühasib sayğacları formasında) hədiyyə etmək ənənəsi mövcuddur.