Xəzinədarlıq Nazirliyindən verilən açıqlamada vergi sahəsində çalışan işçilərin yenidən iş başına qayıtmasının federal səviyyədə vergi yığımının bütövlüyünün qorunması baxımından zəruri olduğu bildirilib. Açıqlamada qeyd edilib ki, geri çağırılan işçilər hökumətin fəaliyyətini dayandırdığı müddət ərzində maaşsız işləyəcəklər.
IRS-nin "Fəaliyyətin dayandırılmasına dair fövqəladə vəziyyət planı"nda bu qurumda 80 min 265 qulluqçunun çalışdığı və hökumətin öz fəaliyyətini dayandırdığı halda, bunlardan 46 min 52 nəfərin iş başında olacağı bildirilib. ABŞ-da fərdi vergilərin işlənilməsi və bununla bağlı ödəyicilərə artıq ödənilmiş məbləğlərin qaytarılması üçün müraciətlər 28 yanvar – 15 aprel arasında qəbul edilməlidir.
Vergi orqanlarının işçilərini təmsil edən və təxminən 70 min üzvü olan Milli Xəzinədarlıq Əməkdaşları Birliyi öz üzvlərinin maaşsız işləmək üçün geri çağırılmaları ilə bağlı narahatlığını bildirib. Birliyin rəhbəri Toni Reardon ABŞ vergi administrasiyasında çalışan məmurların 2019-cu vergi mövsümü ilə bağlı işə çıxmalarının zəruri olduğunu başa düşdüyünü ifadə edib: "Ancaq acı və soyuq həqiqət budur ki, vergi orqanı əməkdaşları əvvəlki məvaciblərini ala bilməyiblər və hökumət öz fəaliyyətini dayandırdığı müddət ərzində onları pulsuz işləməyə dəvət edirlər. Vergi məmurlarının işə getmək üçün maşınlarına benzin tökdürməyə pul tapa bilməyəcəklərindən narahatam".