"E-sosial"ın proaktiv xidmətləri artacaq

2019.11.12 11:45 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilin sonuna qədər 10 müavinət növü üzrə proaktiv qaydada təyinatları həyata keçirmək niyyətindədir. Nazirliyin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Mustafa Abbasbəyli "vergiler.az"-a açıqlamasında bildirib ki, yaxın günlərdə sağlamlıq imkanları məhdud uşaqlara ödənilən müavinət, eləcə də əlilliyi olan şəxslərə pensiya proaktiv qaydada təyin olunacaq: "Bu il artıq 15 minə yaxın vətəndaşımıza proaktiv qaydada pensiya təyin edilib".

Qeyd edilib ki, ailə başçısının itirilməsinə görə pensiyaların təyinatının avtomatlaşdırılması, eləcə də hüquq-mühafizə orqanlarında və hərbi sahədə çalışan vətəndaşlara pensiyaların elektron qaydada təyin olunması üzərində də iş aparılır: "Avtomatlaşdırma bizim əsas islahat istiqamətlərimizdən biridir. Bunun sayəsində çox ciddi şəffaflaşdırmanı və xərclərimizin optimallaşmasını həyata keçiririk və saxta əlilliyin təyin edilməsinin qarşısını ala bilmişik. 2020-ci ildə bizim vətəndaşlara ödəyəcəyimiz məbləğ 1 milyard 100 milyon manat artdığı kmi, dövlətin də bu məqsədlər üçün aydığı transfertin məbləği 90 milyon manat artıb. Qalan hissə Dövlət Sosial Müdafiə Fondunun əlavə yığımları və şəffaflaşma istiqamətində görülən işlər, avtomatlaşdırma, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması hesabına əldə edilən vəsaitlərdən ödəniləcək".

M.Abbasbəyli yeniliklər haqqında danışarkən qeyd edib ki, "E-sosial" bizim ən önəmli inkişaf istiqamətlərimizdəndir. Bu, vahid sosial reyestrdir və bunu daim təkmilləşdirəcəyik. Hazırda vətəndaşlar orada ancaq pensiya kapitallarının məbləğini görə bilirlər. Yaxın vaxtlarda isə pensiya kapitallarının indeksləşmə məbləğlərini, eləcə də bu gün pensiyaya çıxacaqları halda aylıq nə qədər pensiya alacaqlarını görəcəklər".