"2016-cı ildən etibarən ölkə başçısının tapşırığı ilə özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqramın məqsədi işsiz və işaxtaran vətəndaşların aktiv əmək bazarına cəlb olunması və onlara dövlət vəsaiti hesabına aktivlərin verilməsi ilə kiçik təsərrüfatların yaradılması, mikrobiznesə dəstək verilməsidir". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan "Məşğulluq" altsistemi (MAS) ilə bağlı keçirilən mətbuat konfransında nazir müavini Anar Əliyev bildirib. Onun sözlərinə görə, ötən il 7.200 şəxs bu proqrama cəlb edilib: "2019-cu ildə bu göstərici 10 minə çatdırılıb. 2020-ci ildə proqrama cəlb olunanların sayının 11 minə çatdırılması planlaşdırılır. Ölkə başçısının tapşırığı ilə hazırda Dünya Bankı ilə müzakirələr aparılır. Dünya Bankı ilə imzalanması gözlənilən sazişə uyğun olaraq gələn il üçün 3 min artım, yəni 14 minə yaxın şəxsin, gələcək illərdə isə 5 min artımla təxminən 16 min şəxsin bu proqrama cəlb olunması gözlənilir".