Dövlət məşğulluq xidmətlərinin innovativ yanaşmalar hesabına keyfiyyəti və çevikliyi artırılır

2019.11.08 15:43 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gündən əhalinin istifadəsinə verilən "Məşğulluq" altsistemi dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına imkan verir. Bunu nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan "Məşğulluq" altsisteminin istifadəyə verilməsi ilə bağlı keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib. Nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, sosial sahədə aparılan genişmiqyaslı islahatların bir istiqaməti dövlət məşğulluq xidmətlərini əhatə edir. Məqsəd dövlət məşğulluq xidmətlərinin innovativ yanaşmalar və müasir texnologiyalar üzərində keyfiyyətinin və çevikliyinin artırılmasıdır. Dövlət başçısının 2018-ci il 5 sentyabr tarixli müvafiq Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan "Məşğulluq" altsistemi (MAS) də bu məqsədə xidmət edən bir addımdır.

MAS-ın əmək bazarında mövcud olan vakansiyalar üzrə məlumat bankına malik olduğunu qeyd edən A.Əliyev altsistemin işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verdiyini diqqətə çatdırıb. O bildirib ki, MAS işsiz və işaxtaranlar barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına da malikdir. Həmin baza da daim yenilənir. Beləliklə, MAS işəgötürənlər üçün də təqdim etdikləri vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa bilməyə, nəticədə, işəgötürənlərin bu və ya digər peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının çevik şəkildə ödənməsinə şərait yaradır. Vakant iş yerlərinə göndərişlərin verilməsi prosesi elektron infrastruktur üzərində aparılır ki, bu da işədüzəlmədə və işçi qəbulunda müəyyən vaxt itkisini aradan götürür, müasir iş tərzini, şəffaflığı və bu sahəyə birbaşa nəzarət mexanizmini təmin edir.

Nazirlik yanında Dövlət Məşğuluq Xidmətinin rəisi Fuad Musayev MAS-ın üstünlükləri və məşğulluq xidmətlərinə gətirəcəyi yeniliklər barədə məlumat verib. Nazirliyin e-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov altsistemin təqdimatını edib.

Qeyd edilib ki, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları "Məşğulluq haqqında" Qanuna əsasən ən geci 5 iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına və yaxud e-gov.az ünvanına daxil olmalı, "e-Xidmətlər" bölməsində "Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi" elektron xidmətini seçməlidirlər. Bundan sonra "Vakansiyalar" bölməsindəki "Yeni vakansiya" altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər.