Rəqəmsallaşma istiqamətində mühüm addımlar atılır

2019.11.08 14:10 (UTC+04:00)

Bank üzrə mütəxəssis Bəxtiyar Məmmədov "vergiler.az"a tədbirlə bağlı fikirlərini bölüşərək bildirib ki, forumun əsas məqsədlərindən biri rəqəmsallaşma istiqamətində növbəti addımın atılmasıdır: "Bu gün dünya iqtisadiyyatında nağdsız dövriyyənin payı günbəgün yüksəlir. Nağdsız dövriyyənin əsas üstünlükləri isə ondadır ki, əməliyyatlar sadələşir, sürətlənir, daha şəffaf mühit, daha dayanıqlı iqtisadiyyat formalaşır, "kölgə iqtisadiyyatı"nın ümumi iqtisadiyyatda payı minimuma endirilir".

B.Məmmədov qeyd edib ki, son on ildə ölkə iqtisadiyyatında rəqəmsallaşma istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Xırda Ödənişlərin Hesablaşma klirinq sistemi, AZİPS sistemi, Hökumət Ödəniş Portalı, ASAN ödəniş sistemi və digər bu tip sistemlərin hər biri rəqəmsallaşma istiqamətində mühüm amillərdir. Son günlərdə həyata keçirilmiş "Tələbə kartı" layihəsi də gənclərimizdə tələbəlik dövründən nağdsız əməliyyat aparmaq vərdişi yaratmaq istiqamətində çox ciddi addımdır: "Mərkəzi Bank tərəfindən Ani Ödənişlər sisteminin gələn ildən işə salınması nəzərdə tutulmuşdur ki, bu da rəqəmsallaşmaya öz əhəmiyyətli töhfəsini verəcəkdir. Ölkə iqtisadiyyatının, cəmiyyətin bütün sektorlarının fəaliyyətinə təsir edəcək "Elektron Hökumət layihəsi" rəqəmsallaşma istiqamətində uğurlu inkişaf yolunun davam etdirilməsinin göstəricilərindəndir".

B.Məmmədov bildirib ki, rəqəmsallaşmanın kifayət qədər üstün cəhətləri olsa da, özünəməxsus riskləri də vardır, bu istiqamətdə də inkişaf mütləq olaraq risklərin idarə olunması ilə paralel həyata keçirilməlidir. Risklərin düzgün nəzərə alınmaması çox ciddi çətinliklərə səbəb ola bilər. Bu gün dünyada rəqəmsallaşma yolunda əsas risklər təhlükəsizlik riskləri hesab edilir. Təhlükəsizlik riskləri dedikdə müəyyən sistemlərə kiber hücumlar təşkil etməklə təşkilatlara vurula biləcək zərər, şirkətlər daxilində insayderlərin qəsdli və təsadüfi zərərvurma halları, hər hansı fövqəladə hal nəticəsində informasiya itkisi, fərdi informasiyaya dair qanunvericiliyin tələblərinin pozulması və sair nəzərdə tutulur. Avropa qanunvericiliyinə görə fərdi informasiya haqqında qanunun tələblərinin pozulması kifayət qədər ciddi qanun pozuntusu hesab edilir və bu istiqamətdə qeydə alınmış cərimələr milyonlara dollar həcmindədir".

B.Məmmədov Azərbaycanda bu gün nağdsız iqtisadiyyat istiqamətində sürətli inkişafla yanaşı, özəl sektorda informasiya təhlükəsizliyi istiqamətinin inkişafına ehtiyac olduğunu xüsusi vurğulayıb. Bu istiqamətdə əsas çətinliklərdən biri ölkədə informasiya təhlükəsizliyi, kiber təhlükəsizlik sahəsində kadrların yetərli sayda olmamasıdır: "Bu istiqamətdə ixtisaslaşmış təcrübəli mütəxəssislərin sayı tələbə uyğun deyildir. Bu səbəbdən də müxtəlif təşkilatlarda informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik istiqamətinin inkişaf etdirilməsi, təkmilləşdirilməsi üçün dövlət qurumları və özəl sektor müvafiq addımlar atmalıdır. Bu addımlar həm informasiya təhlükəsizliyinin idarə edilməsi, həm də kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanması, lazım olan tədris vəsaitləri, peşəkar təlimçi mütəxəssislərin cəlb edilməsi, güzəştli və effektiv ixtisasartırma kurslarının təşkil edilməsindən ibarət olmalıdır. Bəzən təşkiatlarda istiqamətlərin düzgün müəyyən olunmaması, bu sahə üzrə məlumatsızlıq səbəbindən bir sıra hallarda kibertəhlükəsizlik üzrə mütəxəssisə informasiyanın təhlükəsizliyinin idarə olunması həvalə olunur. Ya da bir çox hallarda informasiya təhlükəsizliyinə sadəcə müəyyən kiberhücumların qarşısının almaq üçün avadanlıqların alınması, bir neçə əməkdaşın bu avadanlıqlara nəzarət etməsi şəklində baxılır ki, bu, qətiyyən doğru deyildir. İnformasiya təhlükəsizliyinin təmin edilməsi ilk növbədə təhlillər, hazırlanmış və qəbul edilmiş strategiya, strategiyaya uyğun siyasət, qaydalar, izahlar və dünyada qəbul edilmiş standartlara, ən yaxşı təcrübələrə uyğun yanaşmalar nəzərə alınmaqla kompleks şəkildə, zəruri qorunma və nəzarət mexanizmlərinin – o cümlədən texnoloji, avtomatlaşdırılmış alətlərin tətbiqi ilə həyata keçirilməlidir. Bu cür kompleks yanaşma olmadan, strategiya, çərçivə sənədləri, standartlar, qaydalar hazırlanmadan, yaxud bunları formal şəkildə hazırlayaraq yalnız texnoloji istiqamətdə müəyyən avadanlıqlar əldə edərək informasiya təhlükəsizliyini pərakəndə şəkildə təmin etməklə qarşıya qoyulmuş vacib hədəflərə çatmaq mümkün deyil. Ümumi şəkildə ifadə etsək, informasiya təhlükəsizliyi möhkəm bünövrə üzərində qurulmalıdır".

Tədbirdə müzakirə edilmiş növbəti istiqamət qanunvericilikdə dəyişikliklərlə bağlı olub. B.Məmmədovun fikrincə, bəzi qanunlar və digər normativ aktlar indiki dövrün tələbləri ilə uzlaşmaq üçün təkmilləşdirilməli və yenidən işlənməlidir.

Qeyd edilib ki, bir çox hallarda hesablaşmalar üçün qanunvericilik aktlarında ziddiyyətli məqamlar ortaya çıxır, yaxud texnoloji olaraq hesablaşmanı, hər hansı əməliyyatı həyata keçirmək mümkün olduğu halda qanunvericilik aktları buna imkan vermir. Ona görə də qanunvericilikdə cari dövrə uyğun dəyişiklik edilməsi labüddür: "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun hazırlanması təqdirəlayiqdir, xüsusilə bu layihənin dünya bankının ekspertləri ilə birlikdə və müxtəlif ölkələrin təcrübəsi öyrənilməklə hazırlanması qanunun daha effektiv və səmərəli olacağını proqnozlaşdırmağa imkan verir. Bu qanunun qəbul edilməsi nağdsız iqtisadiyyat yolunda növbəti addım olacaq, bank sektorunun, sahibkarlığın inkişafına, "kölgə iqtisadiyyatı"nın nisbətinin azalmasına, maliyyə xidmətləri sahəsində vasitəçi rolunda çıxış edən şirkətlərin (fintex şirkətlərinin) daha da güclənməsinə səbəb olacaqdır".

Fəxriyyə İKRAMQIZI