Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri ilə ölkəmizdə Dövlət-Özəl Tərəfdaşlığı mexanizminin inkişaf perspektivləri və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dair məsələlər müzakirə edilib. KOBİA-dan bildirilib ki, AYİB-in texniki yardım layihəsi çərçivəsində cəlb edilmiş beynəlxalq məsləhətçilər tərəfindən Azərbaycan üzrə hazırlanmış Dövlət-Özəl Tərəfdaşlığı mühitinə dair müfəssəl diaqnostik hesabatın ilkin layihəsi təqdim edilib. Görüşdə AYİB tərəfindən ən yaxşı beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkədə Dövlət-Özəl Tərəfdaşlığı üzrə strateji inkişaf proqramının və qanun layihəsinin işlənib hazırlanmasında hərtərəfli texniki dəstəyin göstəriləcəyi bildirilib.
Qeyd edək ki, dövlət-özəl tərəfdaşlığı üzrə qanunvericilik bazasının və institusional infrastrukturun inkişaf etdirilməsi ilə əlaqədar təkliflərin verilməsi və bu sahədə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi KOBİA-nın strukturunda fəaliyyət göstərən Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin fəaliyyət istiqamətlərindəndir.