2020-ci ilin dövlət büdcəsi də sosialyönümlüdür

2019.11.08 11:45 (UTC+04:00)

İqtisadçı Elçin Süleymanovun 2020-ci ilin dövlət büdcəsinin investisiya tutumlu və sosialyönümlü olduğunu vurğulayaraq qeyd edib ki, gələn ilin dövlət büdcəsi layihəsində sosial xərclər bu ilə nisbətən 8 faizdən çoxdur: "2020-ci ilin dövlət büdcəsinin xərclərində 3 milyard manata yaxın artım var ki, bunun da əhəmiyyətli hissəsi sosial istiqamətdə olan xərclərdir. Bundan başqa, dövlət inzibatçılığı, infrastruktur, tikinti xərclərinin azaldılması, sosial xərclərin isə artırılması büdcənin effektivliyinə xidmət efir.

Ümumilikdə büdcənin 40 faizi sosialyönümlüdür və burda təhsilə, elmə, səhiyyəyə ayrılan vəsaitlərdə ciddi artım var. Büdcə xərclərinin böyük hissəsi səhiyyə xərclərinə ayrılıb. Səhiyyə xərcləri 2019-cu ilə nisbətən 31 faiz artaraq 1 milyard 400 milyon manat təşkil edir. Gələn ildən icbari tibbi sığortanın tətbiqinə başlanacaq ki, bu da əhalinin tibbi xidmətlərə əlçatanlığının daha da yaxşılaşacağını söyləməyə əsas verir".

2020-ci il üçün dövlət büdcəsindən təhsil xərclərinə ayrılan vəsait 2019-cu ilə nisbətən 38,3 faiz çoxdur. Elçin Süleymanovun sözlərinə görə, büdcənin elm-təhsilə ayrılan hissəsinin ÜDM-in 4 faizinə yaxınlaşması sevindirici haldır. Çünki inkişaf etmiş ölkələrdə bu göstərici 6-7 faizə çatır. Bizdə bir neçə il əvvəl bu sahə üzrə xərclər cəmi 2 faiz təşkil edirdi: "Sosial ödənişlərin, təqaüdlərin artırılması, dövlət sifarişi ilə təhsil alanların sayının çoxalması, güzəştli kateqoriyada olan vətəndaşların təhsil, səhiyyə xərclərinin, müavinətlərinin artırılması - bütün bunlar 2020-ci ilin dövlət büdcəsininin sosialyönümlü olduğunu əyani göstərir".

Səbuhi TURAN