Varlılar Britaniyanı tərk etməyə hazırlaşırlar

2019.11.07 18:37 (UTC+04:00)

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ölkənin iqtisadi həyatı üçün ciddi təhlükələr vəd edir. Bir təhlükə də qarşıdakı seçkilərdən gözlənilir. "The Guardian" qəzetinin yazdığına görə, Britaniya milyarderləri leyboristlərin hakimiyyətə gələcəyi təqdirdə ölkəni qısa vaxt içində tərk etməyə hazırlaşırlar. Qəzetin şərhində bildirilib ki, Ceremi Korbinin seçkilərdə qalib gələcəyi halda milyarderlər yeni vergilər ucbatından öz kapitallarını itirməkdən ehtiyatlanırlar. Britaniyanın hüquq şirkətlərinin mütəxəssisləri isə bildiriblər ki, varlı müştərilər onlara müraciət edərək başqa ölkələrə köçmək və öz sərvətlərini xaricə daşımaq üçün kömək xahiş edirlər. Qəzetin məlumatında qeyd olunub ki, ölkənin varlı vətəndaşları Korbinin rəhbərlik edəcəyi hökumətə Breksitlə müqayisədə zənginliyə və həyatın keyfiyyətinə daha böyük təhlükə kimi yanaşırlar.