Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 8.300-ü ötüb

2019.11.07 16:18 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 8.309 nəfərə çatıb. Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, layihə iştirakçılarından 1.980 nəfəri qadınlar, 1.922 nəfəri əlilliyi olan şəxslər, 1.481 nəfəri məcburi köçkünlər, 212 nəfəri şəhid ailəsi üzvləri, 437 nəfəri isə ünvanlı sosial yardımı alan ailələrin üzvləridir. Proqrama cəlb edilən şəxslərdən 6.005 nəfəri təlim kursunu müvəffəqiyyətlə başa vurub.

Təlimlərdə iştirakçılara biznes planlarını qurmaları üçün lazımı məlumatlar tədris edilib və təlimlərin yekunu olaraq onlar biznes-planlarını müdafiə ediblər.

Qeyd edək ki, layihə iştirakçılarından 4.891 nəfəri biznes planlarına uyğun mal və materiallarla təmin edilərək kiçik ailə təsərrüfatlarını yaradıblar.