Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün maliyyə resurslarını onun həyata keçməsinə yönəldir. AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev Şanxayda davam edən II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində keçirilən "Qlobal ticarət və beynəlxalq logistika" forumunda deyib. Ş.Mustafayev bildirib ki, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına dövlət səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumunun imzalanması, dövlətimizin başçısının cari ilin aprelində Pekində 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirakı ölkəmizin bu təşəbbüsə dəstəyinin göstəricisi olmaqla yanaşı, Azərbaycanın sözügedən strategiya çərçivəsində əməkdaşlığın inkişafına ən yüksək səviyyədə əhəmiyyət verdiyini nümayiş etdirir.
Baş Nazirin müavini Avrasiyada ticari-iqtisadi əlaqələrin fəallaşmasının beynəlxalq yükdaşımaların da çoxalmasına səbəb olduğunu, bu çərçivədə yeni və səmərəli marşrutlara ehtiyac yarandığını deyib. Bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çin ilə Avropa arasında yüklərin daha qısa müddətə və etibarlı daşınması üçün cəlbedici yoldur. Coğrafi-iqtisadi baxımdan əvəzolunmaz üstünlükləri olan bu dəhliz "Bir kəmər, bir yol"un icrası baxımından böyük əhəmiyyət daşıyır. Artıq bu yol vasitəsilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb.
Tədbirdə çıxış edən Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natia Turnava da ölkəsinin Azərbaycan və Türkiyə ilə birgə əməkdaşlığı sayəsində həyata keçirilən regional layihələrdən, xüsusən nəqliyyat layihələrindən danışıb.
Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycan ilə Çinin müxtəlif qurumları və şirkətləri arasında sənədlər imzalanıb. Buraya Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə ÇXR Kommersiya Nazirliyinin Ticarət İnkişafı Bürosu və Şanxay Xarici İnvestisiyaların İnkişafi Mərkəzi arasında anlaşma memorandumları, Şensi vilayətinin Veynan şəhərində Azərbaycan Ticarət Evinin açılmasına dair əməkdaşlıq müqaviləsi, habelə Azərbaycan məhsullarının Çinə ixracı ilə bağlı şirkətlər arasında alğı-satqı və distribütorluq müqavilələri daxildir.