Gələn il qeyri-neft sektorunun dövlət büdcəsindəki payının 12 faiz artacağı gözlənilir

2019.11.07 12:59 (UTC+04:00)

2020-ci ildə Azərbaycanın dövlət büdcəsində qeyri-neft sektorunun payı 2018-ci ilin icra və 2019-cu ilin gözlənilən icra göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 16,4 faiz (1.496,1 mln. manat) və 12 faiz (1.136,8 mln. manat) artacağı gözlənilir. "APA-Economics"in məlumatına görə, bu, Hesablama Palatasının "2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb. Neft sektoruna gəldikdə, növbəti ildə 2018-ci il və 2019-cu ilin proqnozlaşdırılan icra göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1 faiz (129,5 mln. manat) artım və 1,2 faiz (170,3 mln. manat) azalma proqnozlaşdırılır.

Ümumilikdə, 2020-ci il üçün proqnozlaşdırılmış dövlət büdcəsinin gəlirlərinin tərkibində neft sektorunun payı 13.530,0 mln. manat və ya 56,1 faiz, qeyri-neft sektorunun payı isə 10.604,5 mln. manat və ya 43,9 faiz təşkil edib.