Sosial sahədə elektron xidmətlərin əhatə dairəsi genişlənir

2019.11.07 11:11 (UTC+04:00)

"Ölkəmizdə sosialyönümlü siyasət aparılır və həmin siyasət ölkə vətəndaşlarının rifah halının yüksəlməsinə və onların rahatlığına yönəlib". Bunu jurnalistlərə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Sosialyönümlü siyasətin nəticəsi olaraq həyata keçirilən elektron xidmətlərdən danışan nazir xatırladıb ki, yanvarın 1-dən ölkəmizdə pensiya təminatı avtomatik qaydada həyata keçirilir və indiyədək 15 min vətəndaş həmin qaydada pensiya ilə təmin olunub: "Ümumilikdə yaşa görə pensiyaya çıxanların 80 faizindən çoxu, aprel ayından isə əlilliyə görə pensiyaya çıxanların 95 faizi məhz elektron qaydada pensiya təminatı əldə edib".

Həmin sistemin davamı olaraq sosial müavinətlərin də elektronlaşdırılması planlaşdırılırdı və artıq övladın dünyaya gəlməsi ilə əlaqədar sosial müavinətin təyin olunması üçün tam elektron sistem istifadəyə verilib. Qısa müddət ərzində həmin müavinət 2.500-dən artıq ailəyə elektron qaydada çatdırılıb. Güman edirik ki, ilin axırınadək ən azı 30 min ailəyə elektron təyinat aparılacaq. Gələn il isə bu qəbildən olan 150 minə yaxın təyinatın elektron qaydada aparılacağı gözlənilir: "Yaxın günlərdə sağlamlıq imkanları məhdud uşağa qulluğa görə də sosial müavinətin avtomatlaşdırılması sisteminin təqdimatı keçiriləcək və sistem işə düşdükdən sonra ölkə üzrə həmin kateqoriyadan olanlara da tam proaktiv qaydada xidmət həyata keçiriləcək".