Bank kapitalının və onun adekvatlığının hesablanması qaydaları dəyişdirilib

2019.11.07 10:23 (UTC+04:00)

İqtisadçı ekspert Vüqar Bayramov Maliyyə Bazarlarına Nəzarət Palatasının "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na etdiyi dəyişikliklərə münasibət bildirib: "Bu qaydalar real sektora daha çox kredit cəlb edilməsi məqsədi daşıyır. Artıq kiçik və orta sahibkarlara və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılıb. Risk dərəcələrinin azaldılması banklara onların mövcud kapitalları çərçivəsində daha çox biznes krediti vermək imkanı yaratmaqla toplanmış resursların həmin sahələrə yönləndirilməsinə marağı artırır. Dəyişikliklərdə, həmçinin, məsuliyyətli kreditləşmə və sağlam borclanma ilə bağlı həyata keçirilən prudensial siyasətin daha effektiv təşkili və spekulyativ halların aradan qaldırılması ilə bağlı məsələlər də öz əksini tapıb. Qaydalarda istehlak kreditləri üzrə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq diferensial və daha sərt yanaşma tətbiq edilir. Tənzimləmənin bu formatda təşkili, banklar üçün biznes kreditləri ilə müqayisədə istehlak kreditlərinin verilməsinin cəlbediciliyini azaldacaqdır. Nəticədə, istehlak kreditlərinin artım tempi zəifləyəcək və əhalinin izafi borclanması məhdudlaşacaqdır. Bu isə bankları real sektoru maliyyələşdirməyə həvəsləndirə bilər".

V.Bayramov qeyd edib ki, qaydalarda requlyativ çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı dəyişikliklər də yer alıb: "Kredit riskləri üzrə BASEL II Yeni Standart Yanaşmaya tam keçiləcək, o cümlədən beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqlərə əsaslanmaqla suveren və korporativ qiymətli kağızların risk dərəcələri üzrə təsnifləşdiriləcək. Bununla yanaşı, Bazel II və III nəsil prinsiplərinin tətbiqi məqsədilə qaydalara bazar və əməliyyat risklərinə qarşı kapital buferi formalaşdırılması tələbi əlavə edilmişdir".

Bu cür tələblərin gətirilməsi prudensial tənzimləmənin beynəlxalq səviyyəyə qaldırmağa, bank sektorunun kredit risklərindən əlavə, bazar və əməliyyat risklərinə qarşı dayanıqlığını artırmağa xidmət edir.

Fəxriyyə İKRAMQIZI