Azərbaycan vətəndaşlarının 29 faizinin maliyyə təşkilatında hesabı var

2019.11.06 17:20 (UTC+04:00)

Azərbaycanda yoxsulluqla mübarizə və iqtisadi artımın genişləndirilməsi istiqamətində görülən işlərin icrası ilə əlaqədar olaraq, Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən həyata keçirilən layihə çərçivəsində bu gün ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişafının dəstəklənməsinə yönəldilən saziş imzalanıb. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlığı çərçivəsində IFC ölkənin kredit təşkilatlarını təmsil edən Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlıq edəcək. IFC Assosiyasiyaya maliyyə inklüzivliyi və müasirləşməyə töhfə verəcək mütərəqqi rəqəmsal maliyyə xidmətləri paketinin hazırlanmasına dair öz tövsiyələrini təqdim edəcək.

Bu əməkdaşlıq xüsusilə bankların filial şəbəkəsi ilə əhatəsi təmin edilməmiş kənd yerlərində həm fiziki şəxslər, həm kiçik sahibkarlıq subyektləri üçün əmanət hesablarının açılması və kreditlərin alınması prosesini əhəmiyyətli dərəcədə asanlaşdırmaq məqsədi güdür. Layihə həmçinin əhalinin rəqəmsal və elektron bank məhsulları sahəsində maarifləndirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasına kömək edəcəkdir. Bu məsələ Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir, çünki əhalinin yalnız 29 faizinin maliyyə təşkilatında hesabı vardır; bu rəqəm isə Dünya Bankının "Qlobal Findex" adlı maliyyə inklüzivlik üzrə hesabatında verilən məlumatlara əsasən, Avropa və Mərkəzi Asiya regionu üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır.