Çindən yola çıxan qatar Azərbaycandan keçməklə Ankaraya çatıb

2019.11.06 15:35 (UTC+04:00)

Çindən Sian-Ankara marşrutu üzrə yola düşən qatar Bakı-Tbilisi-Qars dəmir yolu ilə Ankaraya çatıb. Ankarada bu gün qatarın qarşılanma mərasimi keçirilir. Mərasimdə Azərbaycan, Türkiyə, Çin, Qazaxıstan və Gürcüstandan rəsmi şəxslər iştirak edirlər.

Sian-Ankara marşrutunda qatarın mənzil başına qrafik üzrə çatması Bakı-Tbilisi-Qars dəmir yolunun qazandığı daha bir uğurdur. Qeyd edək ki, Çin Xalq Respublikası "Bir kəmər, bir yol" strategiyası ilə özünün dəmir yolu əlaqələrini sürətlə şaxələndirir. Bu strategiya Çin, Asiya, Yaxın Şərq və Avropanı bir-birinə birləşdirən böyük bir nəqliyyat, investisiya, enerji və ticarət şəbəkəsini formalaşdırmağı hədəfləyir. Çinin 2013-cü ildə təşəbbüs göstərdiyi bu strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: "İpək Yolu İqtisadi Kəməri" və "Dəniz İpək Yolu". Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir.