Ticarətin maliyyələşdirilməsində maliyyə alətlərinin rolu...

2019.11.06 12:34 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin və PAŞA Bankın təşkilatçılığı ilə "Ticarətin maliyyələşdirilməsi" mövzusunda maarifləndirici seminar keçirilib. Tədbir çərçivəsində ticarətin maliyyələşdirilməsində maliyyə alətlərinin rolu, təchizat zəncirinin maliyyələşdirilməsi, invosyların və alış sifarişinin maliyyələşməsi məhsulu və işləmə mexanizmləri, ekspress faktorinq məhsulu, tenderdə qalib olduqdan sonra tələb olunan qarantiyalar (icra, avans, maliyyə vəsaitlərinin saxlama qarantiyası), akkreditivlər, ixrac fəaliyyəti üçün nəzərdə tutulan ənənəvi kreditlər və s. haqqında sahibkarlara məlumat verilib.

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Azərbaycanda xarici ticarət subyektlərinin nəzərdə tutulan mexanizmlərdən istifadəsinin daha da genişlənəcəyini vurğulayıb: "Ticarət-maliyyə alətləri dünya ticarət əməliyyatlarında 80 faizə yaxın paya malikdir. İnkişaf etmiş və yeni sənayeləşən ölkələrdə geniş tətbiq edilən, ticarət-maliyyə alətlərinin ölkəmizdə istifadəsi nisbətən azdır. Statistikaya müvafiq olaraq, Azərbaycanda akkreditiv, faktorinq və qarantiya kimi alətlərin geniş yayılmasına ehtiyac vardır. Bu məqamları nəzərə alaraq biz insanlarımızı, ixracatçılarımızı xəbərdar edirik və bununla kifayətlənməyərək, detallı istifadəsi üçün maarifləndirici tədbirlər görürük".

Seminarda PAŞA Bankın nümayəndələri Nərmin İbadullayeva, Xanım Rüstəmova, Ülviyyə Nəbiyeva, Pərvin Səlimov və Azad Bağırzadə sahibkarlıq subyektlərinə ixrac-idxalı dəstəkləyəcək alətlər haqqında geniş məlumat veriblər.

Azərbaycanın aparıcı şirkətlərinin nümayəndələri, sahibkarlar təşkilatları tədbirdə fəal iştirak edib. Bildirilib ki, PAŞA Bank tərəfindən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə ixracı həyata keçirən sahibkarlara xüsusi güzəştlər tətbiq olunacaq.