Azərbaycan Mərkəzi Bankı Təhsil Nazirliyi, "Mastercard" və Kapital Bankla birlikdə "Tələbə kartları" adlı layihəyə start verib. Bu barədə Bakıda keçirilən "Beynəlxalq Bankçılıq forumun"da çıxış edən Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev məlumat verib. Onun sözlərinə görə layihənin məqsədi universitetlərdə təhsil alan tələbələrə smart kartların verilməsidir: "Bu kartlar yalnız identifikasiya xarakterli kartlar deyil, bütövlükdə ödəniş aləti funksiyasını həyata keçirəcək. Bu kartlar gənc nəslin, tələbələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, onların maliyyə vərdişlərinin formalaşdırılması və bu vərdişlərin ailələrinə ötürülməsi baxımından çox əhəmiyyətlidir. Gələcəyimiz bu gün təhsil alan tələbələrin çiynində olacaq, bu gündən biz özülü nə cür qurmuş olsaq, bu sahədə işlərimiz də o qədər müvəffəqiyyətli olacaq. Bütün bankları, universitetləri bu layihədə fəal iştirak etməyə çağırıram".
Alim Quliyev bildirib ki, bu kartlardan tələbələr müxtəlif məqsədlər üçün istifadə edə biləcəklər. Gələcəkdə tələbə kartları vasitəsilə nəqliyyatda ödənişin həyata keçirilməsi də mümkün olacaq.
"Mastercard"-ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar bildirib ki, gələcəkdə "Tələbə kartları" layihəsinin genişləndirilərək orta məktəbləri də əhatə etməsi planlaşdırılır.
Səbuhi TURAN