Sentyabr ayından etibarən "Aqrolizinq" ASC tərəfindən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, sentyabr ayının 10-dan indiyədək Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlax, Şabran, Masallı, Zaqatala, Qax, Oğuz, Qəbələ, Beyləqan, Füzuli, Saatlı, İmişli, Zərdab, Balakən, Ağcabədi və Sabirabad rayonları üzrə 452 kənd daxil olmaqla, səyyar gübrə satışından 4.400 vətəndaş yararlanıb. Ötən həftə 13 kənddə keçirilən səyyar gübrə satışından 52 kənd üzrə 270 vətəndaş yararlanıb. Səyyar gübrə satışı bütün regionlar əhatə olunmaqla, mövsümün sonuna kimi davam etdiriləcək.
Güzəştli qiymətlərlə səyyar gübrə satışı qaydalarında və qiymətlərdə dəyişiklik yoxdur. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir ki, ödənişlər üçün vətəndaşın banklara müraciət etməsinə ehtiyac yaranmır.
Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barədə məlumat almaq və qeydiyyat üçün "1652" Çağrı Mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərlər. Həmçinin xidmətlərin təşkil olunacağı kəndlər barəsində "Aqrolizinq" ASC-nin rəsmi sosial şəbəkələrini izləyərək elanlarla tanış olmaq mümkündür.