Dövlətimizin iqtisadi kursu vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə yönəldilib

2019.11.05 10:53 (UTC+04:00)

P.Heydərov fikrini konkret rəqəmlərlə əsaslandırıb: "Minimum aylıq əməkhaqqının artırılması haqqında Prezidentin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən sentyabrın 1-dən minimal maaş məbləği 250 manat təşkil etdi ki, bu, 38,8 faiz artımdır. Bu il martın 1-də isə minimum əməkhaqqı səviyyəsi 38,4 faiz artırılaraq 180 manata çatdırılmışdı. Bununla da ölkədə minimum əməkhaqqı məbləği ilk dəfə olaraq yaşayış minimumu səviyyəsi ilə bərabərləşmiş oldu. Sonuncu sərəncamla minimum əməkhaqqı yaşayış minimumunu keçdi. Xatırladım ki, cari il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdi. Cari ilin başlanğıcından həyata keçirilən sosial paketin icrası ilə əlaqədar gələn il büdcə xərclərinin 41 faizini sosial məsrəflər təşkil edəcək. Bunu məhz bu il ərzində əməkhaqqı, pensiya və sosial müavinətlər üzrə həyata keçirilən artımlar şərtləndirir. Bu baxımdan həm qeyd olunan amil, həm də ölkədə "kölgə iqtisadiyyatı"na qarşı həyata keçirilən məlum tədbirlər, eləcə də vergi siyasətində tətbiq olunan yeniliklər nəticəsində büdcəyə gözləniləndən daha tez və çox məbləğdə əlavə vəsaitlərin daxil olması səbəbindən 2020-ci ildə çoxşaxəli sosial paketin icrası üçün heç bir çətinlik ortaya çıxarmayacaq. Əksinə, yeni imkanlar açılacaq. Yeri gəlmişkən, bu il əmək pensiyasının minimum məbləği də iki dəfə artırıldı, oktyabrın 1-dən 160 manatdan 200 manata qaldırıldı. 2019-cu il martın 1-dən isə həmin məbləğ 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı. Bu, 233 min vətəndaşı əhatə etmişdi. Oktyabrın 1-dən əmək pensiyasının minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edir. Sözün qısası, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılıb. Minimum pensiya məbləği hazırda pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələyir".

İqtisadçı ekspert bildirib ki, inqilabi mahiyyət daşıyan bu işlər yüksək qiymətləndirilməlidir: "Bu, onu göstərir ki, dövlətimizin yürütdüyü iqtisadi kursun qayəsində və hədəfində vətəndaşların maddi və sosial durumu və bunun davamlı olaraq yaxşılaşdırılması durur. Ümumiyyətlə, son 15 ildə sosial istiqamətdə dəfələrlə artımlar olub. İşsizlik səviyyəsi enib, yoxsulluq azalıb. 2003-cü ildən bəri əmək haqları 7 dəfə, pensiyalar 10 dəfə artıb, 50 faizdən yuxarı olan işsizlik birrəqəmli həddə enib".

P.Heydərov bildirib ki, Azərbaycanda sosial dövlət modelinə tam çatmaq üçün hələ müəyyən məsafə qət edilməlidir: "Çünki ümumi gəlirlərin bölgüsündə problemlər mövcuddur. Minimum əməkhaqqını yaşayış minimumu səviyyəsinə yalnız bu il çatdırmağa nail olduq. Halbuki dövlət gəlirlərimiz hələ 2015-2016-cı illərdən əvvəl indikindən yüksək idi. Buna baxmayaraq, sözügedən bərabərləşməni yalnız bu il əldə edə bildik. Niyə və nəyin hesabına? Sözsüz ki, son 1 ildə ölkədə həyata keçirilməyə başlanan şəffaflığın, yeni yanaşmanın və islahatların sayəsində".

P.Heydərovun fikrincə, sosial dövlət modeli quruculuğundakı problemlərin kökündə "kölgə iqtisadiyyatı" dayanır: "Kölgə iqtisadiyyatı" olan yerdə dövlət və hökumət sosial istiqamətdə nə qədər güclü siyasət yeridirsə yeritsin, bunun effektlilik səviyyəsinin bir hissəsi "qara dəlik işığı udduğu" kimi yoxa çıxır. Bu, çox ciddi problemdir. Ona görə də şəffaflıq prinsiplərinin genişmiqyaslı tətbiqi və iqtisadiyyatı idarəetmə mexanizminin yeni modelinə keçid sahəsində islahatların davam etdirilməsi fasiləsiz xarakter daşımalıdır. Çünki dövlətimizin sosial aspektdə gücləndirdiyi genişmiqyaslı maliyyələşdirmə səylərinin maksimal səviyyədə uzunmüddətli effekt verməsi üçün büdcəyə iqtisadiyyatın real sektorundan daxilolmalar tələb olunan həddə çatdırılmalıdır".

Araz AĞAYEV