Vergi qanunvericiliyində liberallaşma şəffaflığı artırıb

2019.11.04 17:22 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli "vergiler.az" saytına açıqlamasında ölkənin qeyri-neft sektorunun inkişafında keyfiyyət göstəricilərinin kəmiyyət göstəricilərini üstələdiyini vurğulayıb: "Strateji Yol Xəritəsi qəbul olunub, əsas istiqamətlər müəyyənləşdirilib, vergi qanunvericiliyi liberallaşdırılıb. İstər istehsal, istər xidmət sahələri, istərsə də kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaradılıb".

Qeyri-neft sektorunun inkişafında Karbamid Zavodu və digər yeni müəssisələrin açılmasına diqqət yönəldən E.Qəribli bildirib ki, xammal materialları istehsal edən bu cür müəssisələrin mövcudluğu gələcəkdə istehsal sənayesinin yaradılması üçün bazisdir. Qeyd edilib ki, ölkədə aparılan islahatlar, o cümlədən vergi qanunvericiliyində liberallaşma şəffaflığı artırıb və ölkəyə investisiyaların cəlb edilməsi üçün münbit şərait yaradıb.

Qeyd edilib ki, inkişaf üçün mühüm amillərdən biri də investisiya-maliyyə resurslarıdır və qeyri-neft sektoru ölkəni məhz bu resurslarla təmin edən alət kimi çıxış edəcək: "Qeyri-neft sektorunun inkişafı üçün tədbirlər görülür və yaxın gələcəkdə digər sahələr də inkişaf etməyə başlayacaq. Artıq görülən tədbirlər nəticə verir. Ölkədə yeni iqtisadi modelə, neft modelindən qeyri-neft modelinə keçid başlayır".

Araz AĞAYEV