Ölkəyə hibrid avtomobillərin idxalının stimullaşdırılması istiqamətində müzakirələr aparılır

2019.11.04 16:58 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov hibrid avtomobillərin ölkəyə idxalı məsələlərinə toxunub, reallıqlar haqda danışıb: "Cari ildə hibrid avtomobillərinin ölkəyə gətirilməsi say etibarilə artımla müşahidə olunur. Belə ki, 2018-ci ildə ölkəyə 146 sayda hibrid minik avtomobili idxal olunduğu halda, 2019-cu ilin 9 ayı ərzində ölkə ərazisinə gətirilən 609 ədəd hibrid minik avtomobili sərbəst dövriyyəyə buraxılıb".

Onun sözlərinə görə, hibrid avtomobillərin idxalının stimullaşdırılması istiqamətində müzakirələr aparılır: "Qeyd olunan avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı təşviqedici layihələr aidiyyəti mərkəzi icra orqanları ilə birgə müzakirə edilməkdədir. Hibrid mühərrikli minik nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı ödənilən gömrük ödənişləri digər daxili yanma mühərrikli minik avtomobillərinə münasibətdə tətbiq olunan vergi və rüsumlarla eynilik təşkil edir. Mənşə ölkəsindən, gömrük dəyərindən, mühərrikinin həcmindən, eləcə də istehsal buraxılış ilindən asılı olaraq gömrük ödənişləri tətbiq edilir".