Rusiya turoperatorları Türkiyədə gözlənilən turizm vergisi ilə bağlı açıqlama veriblər

2019.11.04 16:10 (UTC+04:00)

Rusiyanın Turoperatorlar Assosiasiyasının (ATOR) açıqlamasında bildirilir ki, gələn ilin aprel ayının 1-dən Türkiyədə turistlərin otellərdə qalması üçün vergi tutulacaq. Lakin bu yığımı turistlər deyil, yerli mehmanxanalar, motellər, kempinqlər, eləcə də binaların və qonaq evlərinin icarədarları ödəyəcəklər.

Vergi yalnız turistlərin yerləşdirilməsinə görə deyil, həm də onlara göstərilən xidmətlərə, o cümlədən iaşə xidmətlərinə, hovuzlardan və SPA-lardan istifadəyə, əyləncəli və digər tədbirlərdə iştiraka görə tutulacaq. Verginin dərəcəsi turistə göstərilən xidmətin qiymətinin 1 faizi qədər olacaq. ATOR-un məlumatında qeyd edilib ki, bu vergi dərəcəsi 2020-ci ilin sonuna qədər saxlanılacaq. Növbəti ildən isə turizm vergisinin dərəcəsi 2 faizə qaldırılacaq.