KOBİA və Dubayın Kiçik və Orta Müəssisələr üzrə qurumu yeni əməkdaşlıq istiqamətlərini müzakirə edib

2019.11.04 15:30 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Village" Beynəlxalq Yarmarkasında Azərbaycan pavilyonunun açılışında iştirak edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Dubayın Kiçik və Orta Müəssisələr üzrə qurumunun baş icraçı direktoru Abdul Baset Al Janahi ilə görüşüb. KOBİA-dan bildirilib ki, görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dubayın Kiçik və Orta Müəssisələr qurumu arasında mövcud əlaqələr və yeni əməkdaşlıq istiqamətlərinə, eləcə də Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq imkanlarına, Bakıda Dubay KOB-larının iştirakı ilə tədbirin keçirilməsinə dair məsələlər müzakirə edilib.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycanda KOB-ların inkişafına verilən əhəmiyyət və bu sahədə görülən işlər, o cümlədən son bir ildə agentliyin fəaliyyəti və layihələri barədə ətraflı məlumat verib, yeni əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Dubayın Kiçik və Orta Müəssisələr üzrə qurumunun baş icraçı direktoru Abdul Baset Al Janahi KOBİA-nın son bir ildə KOB-ların dəstəklənməsi məqsədilə gördüyü işləri və həyata keçirdiyi layihələri maraqla qarşılayıb və əlaqələrin yeni inkişaf perspektivlərinə dair fikirlərini bildirib.