2019-cu ildə ölkəyə ötən ilin müvafiq dövrünə nisbətən daha çox avtomobil idxal olunub

2019.11.04 15:15 (UTC+04:00)

"Ölkəmizdə minik avtomobili parkının yenilənməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısını almaq məqsədilə yeni və istehsal buraxılış tarixindən uzun müddət keçmiş nəqliyyat vasitələrinə münasibətdə aksiz dərəcələrinin optimallaşdırılması və differensial aksiz dərəcələrinin tətbiqi kimi məsələlərlə bağlı aidiyyəti qurumlarla birgə müzakirələr aparılmaqdadır". Bu sözləri Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov mətbuata açıqlamasında bildirib.

İdarə rəisi qeyd edib ki, cari ildən aksiz vergisinin artırılması ölkəyə idxal edilən avtomobillərin sayına deyil, həmin avtomobillərin mühərrikinin həcminə təsir edib: "2019-cu il ərzində ölkəyə idxal olunan minik nəqliyyat vasitələrinin əksəriyyəti mühərrik həcmi 2.000 kubsantimetrə qədər olan avtomobillərdir və bu avtomobillərə tətbiq olunan ən yüksək aksiz məbləği 600 manat təşkil edir. Bu baxımdan müvafiq avtomobillərə tətbiq olunan aksiz vergisi dərəcəsinin cari ildən etibarən mühərrikin hər kubsantimetrinə 0,20 manatdan 0,30 manata qaldırılması onların idxalının həcminin azalmasına səbəb olmayıb. 2018-ci ildə ölkə ərazisinə gətirilən minik avtomobillərinin sayı ilə müqayisədə 2019-cu ildə ölkəyə daha çox avtomobil idxal olunub. Ölkəyə ötən il 105 sayda avtobus gətirildiyi halda, bu ilin 9 ayı ərzində mövcud göstərici 367 ədəd təşkil edib. İdxal olunan avtobusların 221 ədədinə qanunvericilik aktlarında nəzərdə tutulmuş güzəştlər tətbiq olunub".