Prezident İlham Əliyev Sumqayıtda "SOCAR karbamid" zavodunun açılışında iştirak edib

2019.01.16 12:40 (UTC+04:00)

Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş "SOCAR karbamid" zavodu istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və zavodun direktoru Xəyal Cəfərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdilər. Qeyd olunub ki, zavodun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək. Bu zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsuldan digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur. İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək.

"SOCAR karbamid" zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Zavodda təxminən 500 nəfər daimi işlə təmin ediləcək. Bunun üçün SOCAR təhsil və təqaüd proqramları vasitəsilə ixtisaslı mütəxəssisləri əvvəlcədən hazırlayıb.

Zavodu işə saldıqdan sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının əsas rezidentlərindən olan "SOCAR karbamid" zavodunun fəaliyyətindən bəhs edən filmə baxıb. Daha sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşüb, zavodda istehsal olunacaq məhsullara baxıb.