Məhsulların onlayn tanıdılması ənənəvi sərgi və yarmarkalardan daha səmərəli nəticə verir

2019.11.02 16:25 (UTC+04:00)

- Zaur müəllim, "azexport.az" portalının missiyası nədən ibarətdir?

- "azexport.az" portalının yaranması ölkədə dərin iqtisadi islahatlara start verildiyi bir dövrlə eyni vaxta düşdü. Əvvəllər də ixracın təşviqi ilə bağlı müəyyən işlər görülsə də, həmin dövrdə qeyri-neft ixracının stimullaşdırılması və artırılması daha da aktuallaşdı və gündəmə gəldi. Ona görə də ənənəvi ixrac üsulları ilə yanaşı yeni təşviq müxanizmləri, bazarlara çıxış üçün yeni innovativ alətlərdən istifadə zərurəti yarandı. Araşdırmalar nəticəsində məlum oldu ki, Azərbaycanda kifayət qədər böyük holdinqlər, iri şirkətlər və ixracatçılar olduğuna baxmayaraq, beynəlxalq elektron ticarət platformalarından çox zəif istifadə edilir. MDB ölkələri arasında xarici platformalarda görüntülənən məhsulların sayına görə Azərbaycan sonuncu yerlərdə qərarlaşmışdı.

Portal bu zərurətdən yaradıldı və elektron rəqəmsal vasitələrdən istifadə etməklə Azərbaycan məhsullarının təşviqi missiyasını öz üzərinə götürdü. Biz daha az vəsait xərcləməklə daha çox nəticə əldə etmək üçün tam fərqli bir model seçdik. Son hesablamalarımıza görə "azexport.az"-a xərclənmiş 1 manat 3.000 manat məbləğində sifarişlərə çevrilib və ümumiyyətlə Azərbaycan məhsullarının təşviqi və xarici bazarda tanıdılması kimi bir dəyər qazandırıb.

- Portal Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformaya çevrilə bilirmi?

- Bəli, bu proses hər gün davam edir. Adətən bu tipli layihələrin sonradan bazarda qalması, işləyib-işləməməsi qısa müddətdə, cəmi bir ildən sonra bilinir. Amma bizim artıq dekabr ayında 3 yaşımız tamam olur və işimiz göstərir ki, əvvəllər biz sahibkarı axtarırdıqsa, treninqlərə dəvət edib, köməklik göstərib onların məhsullarının kataloqunu hazırlayırdıqsa, indi onlar bizi axtarırlar. Bu fakt çox vacibdir və inkişafın növbəti mərhələsidir. Qoyulmuş iş modelindən biz davamlı inkişafımızı təmin etmişik. Bununla belə rəqəmsal marketinq sahəsi bütün dünyada çox dinamik inkişaf edir və geri qalmamaq üçün biz hər ay öz üzvlərimizə müxtəlif yeniliklər və yeni layihələr təqdim edirik. Bu cür aktivliyi gələcəkdə də davam etdirmək fikrimiz var.

- İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin sentyabr sayı təqdim olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə vəziyyət necədir?

- Son 3-4 ildə qeyri-neft sektorunun ixracı dinamik olaraq hər il artım göstərir. Birinci ili 15-16, sonra hətta 19-20 faizədək artım olub. Bunun bir neçə səbəbi var. Bunlardan biri ümumi institusional inkişaf və islahatlar idi ki, bunun da nəticəsində ixrac prosedurları asanlaşdı.

2015-ci ildə Azərbaycanda birbaşa ixrac prosesində iştirak edən sahibkarların sayı 450 idisə, indi bu rəqəm 3.000-i ötür. Əvvəl sahibkar vasitəçi axtarırdı, əlavə vəsait ödəyirdi. Sahibkarların səsləndirdiyi rəqəmlərə görə, 2014-2015-ci illərdə bir maşın meyvənin ixracı üçün 5.000 AZN-dək xərc çəkilirdisə, indi "azexport.az" vasitəsilə sifariş aldıqda və yaxud sahibkar özü "Bir pəncərə" İxraca Dəstək Mərkəzindən bütün sənədlərə cəmi 150-200 manat xərcləyir. Vaxt baxımından icra müddəti bir günə endirilmişdir. Bu il 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 17 faizlik artım görə bilərik. Bunu da biz daha öncədən proqnozlaşdırmışdıq. Çünki cari ildə bir sıra yeni qeyri-neft məhsulları müəssisələri - karbomid zavodu, plastik xammal istehsalı zavodu istifadəyə verildi. Bu da qeyri-neft sektoru üzrə ixraca əlavə dəstək oldu. İlin sonuna kimi son 3-4 ilin stabil artım tempinin qorunacağını proqnozlaşdırırıq. Son bir neçə ildə biz artıma yeni bazarlara çıxış, ixrac prosesinin sadələşdirilməsi və intensiv təşviq hesabına nail olmuşuqsa, növbəti illərdə artım yalnız əlavə istehsalın hesabına mümkün ola bilər. Bu gün biz mövcud sifariş imkanlarımızın yalnız 20 faizini reallaşdıra bilirik. Başqa sözlə desək, "azexport.az"a daxil olan sifarişlərin yalnız bir hissəsi real ixraca çevrilə bilir. Bu o deməkdir ki, gələcəkdə yeni müəssisələr və istehsal həcmləri artarsa, biz ixracda artım tempini qoruyub saxlaya bilərik.

"Qlobal Rəqabətlilik İndeksi”ndə Azərbaycan bu il 11 pillə yüksəlib. Burda subindikatorlara diqqət yetirəndə irəliləyişin nəyin hesabına olduğunu görürük. Məsələn, biznesin dinamizmi subindeksinə görə ciddi irəliləyiş var. Bu o deməkdir ki, yaradılan işgüzar mühit sahibkara inam verib, sahibkarlıq fəaliyyəti aktivləşib. Kreditlərə çıxış, bank sahəsinin stabilliyi üzrə irəliləyiş müşahidə olunur. Ümumiyyətlə, inkişafı təmin etmək üçün maliyyə əsas göstəricidir, maliyyə resurslarına çıxışı təmin etməklə ixrac potensialını inkişaf etdirmək mümkündür.

Tətbiq edilən vergi dərəcəsi müxtəlif ola bilər, lakin sahibkar üçün önəmli olan işə başlayandan altı ay və ya bir il sonra nə qədər, nə vaxt vergi ödəyəcəyini öncədən bilməsidir. Uzaqgörənlik imkanı inam və etibar yaradır, belə olan halda o öz işini proqnozlaşdıra bilir, işini qura bilir və işgüzar aktivlik göstərir.

- Portalın beynəlxalq internet ticarəti mərkəzləri ilə əməkdaşlığı Azərbaycan məhsulunun ixracında nə kimi töhfələr verir?

- "azexport.az" portalının uğurunun əsasında onun beynəlxalq portallarla əməkdaşlığı dayanır. Biz ilk başdan diqqəti portal yox, məhsul üzərinə fokuslaşdırmışıq. Çünki bu cür belə portalların beynəlxalq səviyyədə yayılması və önə çəkilməsi milyonlarla vəsait tələb edir. Biz qərara aldıq ki, məhsulu tanınmış portallarda yerləşdirək və əsas məqsədə nail olaq. Ona görə də dünyada ən çox tanınmış top-10 ən çox istifadə edilən portalları seçdik və onlara ən yüksək üzvlük haqqı ilə qoşulduq. Çünki üzvlük haqqı olursa, məhsulların görüntülənməsi və sifarişi də bir o qədər çox olur. Bu gün əgər sifariş nisbətinə baxsaq, bizim ən çox sifarişlərimiz "alibaba", "all.biz", "aqroServer" portallarından daxil olur. "azexport.az"-ın özünə birbaşa daxil olan sifarişlər hər il ortalama 30 faiz artsa da, daxil olan sifarişlərin ümumi həcminin 10 faizini təşkil edir. Sifarişlər daxil olur, ehtiyac varsa, tərcümə olunur və sahibkarlara yönləndirilir. Sifarişlər paralel olaraq ümumi elektron bazaya düşür ki, bu məlumatları biz bazar araşdırması və analitik hesabatların hazırlanması üçün istifadə edirik. Sonrakı mərhələdə artıq sahibkar müstəqil olaraq alıcı ilə özü əlaqə yaradır, məhsulunun satışı ilə bağlı müqaviləsini bağlayır.

- Visa Token xidmətinin istifadəyə verilməsinin ixracın səviyyəsinin artmasına nə kimi təsiri olub?

- "azexport.az" özünün birbaşa missiyasından əlavə bir sıra elektron ticarətə təsir göstərən sahələrin inkişafının təkmilləşdirilməsində iştirak edir. Rəqəmsal ödənişlər, loqistika, İT infrastruktur elektron ticarətin ayrılmaz hissələridir. Vacib sahələrdən biri də elektron ödənişlərin inkişafıdır. Uzun müddətdir ki, biz bir sıra beynəlxalq ödəniş platformaları "Google.Pay", "Apple.Pay", "Samsung.Pay", "Pay.Pal" ilə onların Azərbaycanda iştirakı ilə bağlı danışıqlar aparırıq. Məlum olur ki, onlardan bir çoxunun Azərbaycana gəlməməsinin səbəbi onların işini təmin edə biləcək müvafiq texnoloji platformanın olmamasıdır. Bu platformalardan biri də VİSA-nın Token xidmətidir. VİSA ilə danışıqlardan aydın oldu ki, onlar hələ 2015-ci ildə bu texnologiyanın tətbiqi ilə bağlı aidiyyatı qurumlara müraciət ediblər. Biz bu təklifi yenidən aktuallaşdırdıq və dəyərələndirməyə çalışdıq. Həlledici qərar ötən ilin yanvar ayında ölkə başçısının VİSA Qlobalın prezidenti ilə Davos forumu çərçivəsində görüşü zamanı verildi.

Token xidmətinin işə başlaması digər qlobal ödəniş platformalarına bir pozitiv siqnaldır. Növbəti mərhələdə biz sözügedən platformaların xidmətlərinin təqdimatının şahidi ola biləciyik, bu ölkə üçün həm də bir nüfuz məsələsidir. Yerli bankların iştirakı ilə artıq plastik kart olmadan telefon, üzük, braslet və ya digər daşıyıcı vasitəsilə toxunmaqla ödəniş həyata keçirilir. Növbəti mərhələdə digər form faktorlar - Biometriya, Qrcode - Face regcoegnition və s. artıq işə düşə bilər. Məsələn, marketlərdə kameralar quraşdırılacaq və telefona, karta ehtiyac qalmayacaq, üz tanıma ilə kassa ödənişi qəbul edəcək. Yaxın zamanlarda bu üsulun da tətbiqinə başlanılacaq. Token platforması digər texnologiyaların inkişafına dəstək verir.

- Ümumiyyətlə, rəqəmsal ödənişlər sahəsində hansı innovativ layihələriniz var?

- Bizim nağdsız ödənişlərin inkişafı sahəsində kiçik və orta sahibkarlığın inkişafı sahəsinə yönəlmiş bir layihəmiz var. Vergi Məcəlləsində edilən son dəyişikliklərdə sahibkar üçün müsbət yeniliklər çox oldu. Startaplara xüsusi imkanlar, klasterlərə güzəştlər, xüsusilə 75 faiz güzəştlə mənfəət vergisinin ödənilməsi ilə bağlı müddəa və s. inkişaf üçün geniş imkanlar yaradır. Burada önə çıxan məsələlərdən biri sahibkarın xərcləmələrinin uçotu ilə bağlıdır. Məhz bunu real rejimdə təmin edə bilmək üçün bir neçə bankla birlikdə innovativ layihə üzərində işləyirik. Sahibkar ödəniş mərkəzinə gəldikdə ona maraqlı olan ödəniş vasitəsini tələb edəcək və bu da bir növ sənədsiz qeyri-rəsmi satılan malların bazardan çıxarılmasına səbəb olacaq. Digər tərəfdən satıcı əlavə alıcı qazanmaq üçün həmin ödəniş vasitəsilə işlərini qurmağa çalışacaq, şəffaflığı təmin edəcək.

- Azərbaycanın ixrac potensialı və ixracın inkişafı istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?

- Bu gün Azərbaycanda ixracı dəstəkləyən iki qurum var: Biri AZPROMO-dur, o biri isə "azexport.az". Sahibkarlar çox vaxt bu iki qurumun fəaliyyətində fərq görmürlər, ancaq bu əslində belə deyil. Bu iki qurum heç bir halda bir-birinin işini təkrarlamır, tamamlayır. AZPROMO bu gün yalnız ənənəvi üsullarla ixracı təşviq edir, biznes forumların təşkili, xarici sərgi və yarmarkalarda iştirak və s. ilə məşğul olur. Bizim işimiz isə elektron ticarətin inkişafı və beynəlxalq ticarət platformalarında rəqəmsal marketinqdən ibarətdir. Bu sahədə bir boşluq var idi və bu boşluğu "azexport.az" doldurdu. Onlayn məhsulların tanıdılması ənənəvi sərgi və yarmarkalardan həm pul, həm də vaxt baxımından 700 dəfə daha səmərəli nəticə verir.

İxracın təşviqi ümumi işimizdir və biz xarici bazarlara gedən yolda heç bir limit və maneə tanımırıq. Elə bu səbəbdən də əsas işimizlə yanaşı biz Vahid İxrac Ərizəsini, Sərbəst Satış Sertifikatını və ya ABŞ-n FDA sertifikatlarını sahibkara təqdim edirik. Gələcəkdə də ixracın təşviqi sahəsində boşluqları doldurmaq üçün bir sıra yeni layihələrimiz həyata keçiriləcək.

- Azərbaycan startaplarının dünya maliyyə bazarlarına çıxışı üçün hansı imkanlar var?

- Bu istiqamətə biz artıq bir neçə ildir diqqət yetiririk. Burda biz iki istiqamətdə işləyirik: Birinci halda, faktiki olaraq Azərbaycan startapının hazır məhsulunun ixracına dəstək veririk; ikinci halda isə artıq startapın ideyası və prototipi var, amma hələ ki, məhsulu yoxdur, biz ona bu istiqamətdə kömək edirik. Bunun üçün biz yeni bir platformaya - Kickstarter-ə qoşulmuşuq. Kickstarter əlinizdə olmayan məhsulu satmaqla yanaşı, o məhsulun hazırlanmasına əvvəlcədən investisiya cəlb etməyə imkan yaradır. Bu günlərdə Azərbaycanın aparıcı bankı (?) ilə bir memorandum imzaladıq. Sizin hər hansı bir startap layihəniz varsa, onu əvvəlcə platformaya yerləşdiririk. İdeya müstəqil investorlar tərəfindən tələb olunan vəsaitin 50 faiz və daha artığını toplayarsa, digər faizi yerli banklar tərəfindən ödənilir. Bu günədək startapların təşviqi üçün müxtəlif layihələr olub. Bir çox hallarda onlara fiziki məkan təqdim edilməklə və texnoparklarda yerləşdirilməklə kifayətlənilib. Bizim yanaşmamız tam fərqlidir. Burada zəruri olan məhsulun beynəlxalq bazarda tanıdılması və paralel olaraq həmin bazarlardan investisiyaların cəlb edilməsidir. Bu günlərdə müsabiqəyə start veriləcək və şərtləri elan olunacaq.

- İxracatçılar tərəfindən sərbəst satış sertifikatının əldə olunması ilə bağlı vəziyyət necədir?

- Sərbəst satış sertifikatı beynəlxalq ticarətdə yeni bir alətdir. Bunun təqdim olunması ilk növbədə sahibkarlar tərəfindən gələn bir istək əsasında oldu. Əvvəlcə bunun xarici tərəfdaşlardan alınmasına çalışdıq. Sonra məlum oldu ki, sərbəst satış sertifikatını biz özümüz də verə bilərik. Qısa bir müddət ərzində qanunvericilik uyğunlaşdırıldı, platforma hazırlandı və sertifikatlar təqdim olundu. Bu sertifikat bu gün Azərbaycan sahibkarlarına 56 yeni ölkəyə onların məhsullarının yolunu açır. Əvvəllər bu mümkün deyildi. Sertifikat əsasən emal və sənaye məhsullarına, insan orqanizmi ilə təmasda olan digər məhsullara verilir. Tibbi avadanlıqlar, dərmanlar, kosmetika, emal olunmuş qida məhsulları və s. Bu günədək 2.500-dən artıq çeşiddə məhsula bu sertifikatı vermişik. Hər il sertifikatın müddəti bitdikcə müraciət olunur və yenilənir. Məhsulunuz varsa və ixrac etmək istəyirsinizsə, bu sertifikat sizə əlavə qarantiyadır. Sertifikatın sadə bir fəlsəfəsi var: sertifikatı tələb edən tərəf əmin olmaq istəyir ki, həmin məhsul hazırda bizdə sərbəst dövriyyədə, açıq satışdadır.

Bu sertifikatdan əlavə cari ildə biz bir neçə şirkətə ABŞ-n Qida və Dərman Preparatları Administrasiyasının (FDA) sertifikatlarını təqdim etdik. Hazırda fəaliyyətimizi əsasən qeyri-ənənəvi bazarlara çıxışın təmin olunmasına istiqamətləndirmişik və daha çox Avropa, Amerika və Şərq ölkələri ilə işləyirik.

Fəxriyyə İKRAMQIZI