Prezidentin gənc kadrların önə çəkilməsi ilə bağlı çağırışlarını ziyalılar, ekspertlər də müsbət qiymətləndirib. Əsasən iqtisadçı kadrların hazırlanması ilə məşğul olan Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov da bu çağırışın təhsil müəssisələri üçün önəmli olduğunu vurğulayıb: "Prezident gənc kadrların irəli çəkilməsini xüsusi vurğuladı. Bu, Azərbaycanda və dünyada kadr hazırlığının təminatı olan universitetlər üçün böyük çağırışdır. Bu gün biz iqtisadiyyatı mükəmməl bilən, müasir iqtisadi biliklərə yiyələnmiş, informasiya texnologiyalarından istifadəni, müasir dünya trend və çağırışlarını qavramış kadrlar yetişdirmək məcburiyyətindəyik".
Azərbaycan Dövlət İqtisad Universitetinin ölkədə iqtisadi kadrların hazırlanması prosesində aktiv iştirak etdiyini deyən Z.Məmmədov əlavə edib ki, müasir çağırışlara, tələblərə uyğun kadrların hazırlanması günümüzün tələbidir: "Mən inanıram ki, İqtisadiyyat Nazirliyi ilə Azərbaycan Dövlət iqtisad Universiteti arasında kadrların hazırlanması istiqamətində yaxından əməkdaşlıq olacaq. Bununla əlaqədar çox ciddi elmi-praktiki təsisatlara, yeni biliklərə əsaslanan jurnalların təsis olunması, nəzəri və praktik biliklərin bölüşülməsi istiqamətində qarşılıqlı layihələrin həyata keçirilməsi mümkündür. Hazırda Universitetdə 30-dan artıq elmi tədqiqat mərkəzləri var. Biz inanırıq ki, gələcəkdə universitetimizdə ölkəmizin iqtisadi qüdrətinin artırılmasına xidmət edən, İqtisadiyyat Nazirliyinin müvafiq tələblərinə və praktik fəaliyyətinə uyğun tədqiqatlar aparılacaq".