Yerli meyvə və tərəvəz istehsalçılarının beynəlxalq bazara çıxışını dəstəkləmək məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) və USAİD-in birgə təşkilatçılığı, "Coca-Cola" şirkətinin dəstəyi ilə SGF International e.V. (SGF) və Beynəlxalq Meyvə və Tərəvəz Şirələri Birliyinin (IFU) Avrasiya Forumu keçirilib. Sayca dördüncü dəfə keçirilən forum bundan əvvəl 2016-cı ildə Latın Amerikası, 2017-ci ildə Asiya və 2018-ci ildə Afrika qitələrində təşkil edilib.
"Avrasiya 2019" Forumunun Azərbaycanda keçirilməsi ölkənin aqrar sektoru üçün önəmli hadisədir. Forum öz məhsullarını ixrac etmək üçün beynəlxalq bazara, xüsusilə də Avropa bazarını hədəfləyənlərə beynəlxalq meyvə və tərəvəz istehsalı standartları haqqında məlumat əldə etmək üçün gözəl fürsətdir. Ümid edirik ki, bu tədbirdən sonra ölkəmizin meyvə şirələri istehsalçıları, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün xarici bazarlara çıxış üçün yeni imkanlar açılacaq”, - deyə "AmCham Azərbaycan" təşkilatının İcraçı direktoru Natavan Məmmədova vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova isə çıxışında bildirib ki, qurumun əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini reallaşdırmaqdır.
L.Məmmədova qurumun fəaliyyəti barədə də məlumat verib, yerli məhsulların xarici bazarlara çıxarılması istiqamətində ASC-nin fəaliyyətindən danışıb.
SGF təşkilatının Baş katibi Aleksandra Heinerman və Beynəlxalq Meyvə və Tərəvəz Şirələri Birliyinin (İFU) prezidenti Dirk Lansbergen Avrasiya Forumunun Azərbaycanda keçirilməsindən çox məmnun olduqlarını bildiriblər. 1974-cü ildə yaranan SGF təşkilatının meyvə şirələri istehsalçıları üzvlərinin könüllü nəzarət funksiyasını yerinə yetirdiyi qeyd edilib. 1949-cu ildə əsası qoyulmuş İFU isə dünya meyvə şirələri istehsalçıları, milli istehsalçılar assosiasiyalarından ibarət beynəlxalq təşkilat olmaqla üzvlərini Codex Alimentarius və digər beynəlxalq qurumlarda təmsil edir. SGF və İFU təşkilatları Azərbaycan istehsalçıları üçün də açıq olduqlarını vurğulayaraq, yerli istehsalçıları təşkilata üzv olmağa dəvət ediblər.
Qeyd edək ki, 50-dək yerli istehsalçı və sahibkarın qatıldığı forum beynəlxalq məruzəçilərin təqdimatları yekunlaşıb.