Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "SMART tələbə kartı" layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev bildirib ki, tələbələrin ixtiyarına verilən kart unikal məhsuldur: "Bu kartların paylanması gələcəkdə maliyyə savadlılığının artırılması istiqamətində bir addım olacaq. Onlar "MasterCard"la birgə həyata keçirdiyimiz "Nağdsız Azərbaycan" layihəsinin tərkib hissəsidir. Gələcəkdə çalışacağıq ki, digər ali təhsil müəssisələrində və orta məktəblərdə də bu kartlar istifadə edilsin. "Smart tələbə kartı"ndan gələcəkdə ictimai nəqliyyatda da istifadə etmək mümkün olacaq".