Qeyri-neft sektorunun kifayət qədər böyük imkanları və potensialı var

2019.11.01 12:12 (UTC+04:00)

Oktyabrın 15-də keçirilmiş iqtisadi müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 ayın sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirərək ölkədə iqtisadi artımın təmin olunduğunu bildirib və qeyri-neft sektorunun inkişafına xüsusi toxunub: "Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik...".

Prezidentin müşavirədə qaldırdığı məsələlər ictimaiyyətin də diqqət mərkəzindədir. İqtisadçı ekspert Fikrət Yusifov hesab edir ki, Azərbaycanın qeyri-neft sektorunun kifayət qədər böyük imkanları və potensialı var: "Bu potensialın mövcudluğunu cənab Prezident hər kəsdən yaxşı bilir".

F.Yusifov bildirib ki, mövcud potensial hərəkətə gətirilməlidir: "Bizim kifayət qədər böyük xammal mənbələrimiz var. Təkcə Sumqayıt Kimya Sənaye Parkında Karbamid Zavodu tikməklə qeyri-neft sektorunda ixracın həcmini faktiki olaraq 10 faiz artıra bildik. Əgər biz bir müəssisə tikməklə bunu edə biliriksə, deməli, onlarla, yüzlərlə belə müəssisə tikib qeyri-neft sektorunun ixrac olunacaq məhsullarının həcmini qat-qat artırmaq mümkündür".

İqtisadçı ekspert qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında son 3-4 ildə atılan addımlar və qəbul edilən qərarlar qeyri-neft sektorunun inkişafı istiqamətində iş görmək üçün kifayət qədər hüquqi baza yaradıb.

F.Yusifovun sözlərinə görə, qeyri-neft sektorunda işlərin sürəti qəbul olunan qərarlara adekvat olmasa da, inkişaf üçün potensial kifayət qədər böyükdür.

Araz AĞAYEV