İşçi güzəşt hüququnu təsdiq edən sənədləri gec təqdim edərsə, güzəşt əvvəlki dövrə tətbiq olunurmu?

2019.11.01 11:13 (UTC+04:00)

İqtisadçı ekspert Anar Bayramov bu sualı şərh edərkən bildirib ki, maraqlı məsələlərdən biri də güzəşt hüququnun qüvvəyə minmə vaxtı ilə bağlıdır. Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır.

Misal 1. Tutaq ki, dövlət müəssisəsində əsas iş yeri kimi çalışan, müharibə veteranı olan işçi 1 yanvar 2019-cu il tarixdə işə qəbul olunmasına baxmayaraq, tələb olunan sənədləri aprel ayında təqdim edib. Bu zaman təşkilatın mühasibatı işçinin gəlir vergisi üzrə güzəşt hüququnu yanvar yox, aprel ayından etibarən tətbiq edəcək.

Misal 2. Neft-qaz şirkətində əsas iş yeri olaraq çalışan işçi 1 yanvar 2019-cu il tarixdə işə qəbul olunan zaman məcburi köçkün olması haqqında sənədi təqdim edib. 2019-cu ilin may ayında müəyyən olunub ki, mühasibat işçiyə gəlir vergisi üzrə güzəşt hüququ tətbiq etməyib. Bu zaman mühasibat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə dəqiqləşdirilmiş hesabat təqdim etməli və yaranan fərqi növbəti ödəniş zamanı işçiyə ödəməlidir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI