İnvestisiya qiymətli kağızları bazarında təkrar bazar əməliyyatları 69 faiz artıb

2019.10.31 15:17 (UTC+04:00)

Bu ilin 9 ayında investisiya qiymətli kağızları bazarında 12 milyard 71,5 milyon manat həcmində əməliyyat aparılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən bildirilib ki, əməliyyatların 80,1 faizi (9,6 milyard manat) ilkin bazarda, 19,9 faizi (2,4 milyard manat) isə təkrar bazarda aparılıb. Yanvar-sentyabr aylarında qiymətli kağızlarla ilkin bazar əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz azalıb, təkrar bazar əməliyyatları isə 69 faiz artıb. Doqquz ayda real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin keçən ilin eyni dövrünə nisbətən 42,1 faiz (447,9 milyon manat) artmasına səbəb olub. Əlavə olaraq, korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 20,7 faiz artaraq 759,3 milyon manata çatıb.

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz azalaraq 9 milyard 315,3 milyon manat təşkil edib. Bunun 951,7 milyon manatını dövlət istiqrazları, 8 milyard 363,6 milyon manatını isə Mərkəzi Bankın notları təşkil edib. Doqquz ayda dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 27 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 40 hərrac keçirilib, müvafiq olaraq 527 milyon manat və 8 milyard 140 milyon manat məbləğində yerləşdirmə olub.

Yanvar-sentyabr aylarında qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 842,9 milyon manat olub. Dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artım nümayiş etdirərək 490,4 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən dövrlərin hesabatında əks olunmuş fərq müqavilələri ilə marja ticarəti əməliyyatları üzrə statistik məlumatlar bu hesabatlığa daxil edilməyib.