2019-cu ilin 9 ayının nəticələrinə əsasən, Azərbaycan ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox, 1 milyard 413 milyon dollar dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac etdiyimiz ölkələr Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və İtaliyadır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseynin sözlərinə görə, Azərbaycan İtaliyaya əsasən neft məhsulları ixrac edib və ümumi ixracımızda bu ölkə birinci yeri tutur. Bununla yanaşı, qeyri-neft məhsulları ixracımızda da İtaliya ilk beşliyə daxil olub. 2019-cu ilin 9 ayı ərzində bu ölkəyə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox – 34,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub: "İtaliyaya qeyri-neft sektoruna aid məhsulların ixracında fındıq ləpəsi öndədir. Bildiyiniz kimi, dünyada ən böyük fındıq emal edən şirkətlərdən biri İtaliyada yerləşir və şirkət Azərbaycan fındığını almağa başlayıb. Əvvəllər Azərbaycan fındığı daha çox Türkiyəyə ixrac olunurdu, lakin son vaxtlar sahibkarlar bu məhsulun digər ölkələrə də satışını həyata keçirirlər. Hazırda kənd təsərrüfatı məhsulları arasında ixrac coğrafiyası ən çox şaxələndirilmiş məhsul fındıq ləpəsidir. Məsələn, pomidorun 99 faizi Rusiyaya ixrac olunduğu halda, fındığı İtaliya, Almaniya, Fransa, Türkiyə, Rusiya kimi bir sıra ölkələrə ixrac edirik. Ümumiyyətlə, 2019-cu ilin 9 ayı ərzində Azərbaycan 87,9 milyon dollar dəyərində qabığı təmizlənmiş meşə fındığı ixrac edib. Ötən illə müqayisədə fındıq ixracında 68 faizlik artım qeydə alınıb. Növbəti aylarda da fındıq ləpəsi ixracının artacağı proqnozlaşdırılır".
Ramil Hüseyn qeyri-neft sektoru üzrə Çinə də ixracatın artdığını bildirib. Təkcə sentyabr ayında bu ölkəyə 5,4 milyon dollar dəyərində məhsul ixrac olunub: "Çinə bir sıra qeyri-neft məhsulları, daha çox şərab ixrac edirik. Azərbaycan Çin bazarına şərab ixracı ilə bağlı sistemli iş aparır. Orada keçirilən sərgilərə şirkətlərimizin qatılmasına dəstək verilir. Amma Çin bazarında rəqabət çox böyükdür, İtaliya, Fransa kimi şərabçılıq sənayesi inkişaf etmiş ölkələrlə rəqabət aparırıq".
Səbuhi TURAN