Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru

2019.10.30 18:25 (UTC+04:00)

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və digər dövlət qurumlarının dəstəyi ilə noyabrın 6-7-də Bakıda ənənəvi "IV Beynəlxalq Bankçılıq Forumu – Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru" mövzusunda forum keçiriləcək. ABA-dan bildirilib ki, oktyabrın 29-dan noyabrın 8-dək "Nağdsız cəmiyyət günləri" çərçivəsində keçirilən forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahəsindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Forum 6 paneldən ibarət olmaqla, "Nağdsız iqtisadiyyat: nailiyyətlər və çağırışlar", "Bankçılıq – rəqəmsallaşmaya doğru", "Bankçılığın transformasiyasının müxtəlif tərəfləri", "Yeni ödəniş dünyası", "Komplayns və tənzimləmə riskləri", "Nağdsız və rəqəmsal iqtisadiyyatın tənzimlənməsi" mövzularını əhatə edəcək. Forumda dövlət qurumlarının, kommersiya banklarının yuxarı menecmentinin, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərinin, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin, həmçinin ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-dək beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək.

İştirakçılar və spikerlər arasında "Mastercard", "Cross", "Oracle", "BS/2", "Zolotaya Korona", "Tieto", "Group-IB", "Solanteq", "Dell", "Commerzbank", "Terrasoft", "PayPorter", "ihs Teknoloji", "EFSE", "Wallyt", "S&P Global Ratings", "Pafilia", "Spektr Centre for Research and Development", "Simbrella", "Diebold Nixdorf", "Polish Bank Association", "RDTEX", "FICO Tonbeller", "Qulix", "IDNT", "Adecco" və sair maliyyə-texnologiya və digər şirkətlərinin nümayəndələri də var.