Azərbaycan manatının nominal və real effektiv məzənnəsi, eləcə də dövretmə sürəti artıb

2019.10.30 18:10 (UTC+04:00)

Bu ilin sentyabr ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 74 bənd təşkil edib. Azərbaycan Mərkəzi Bankından verilən məlumata əsasən, bu göstərici avqust ayının yekunu ilə müqayisədə 0,4 bənd çox, ilin əvvəli ilə müqayisədə 1,4 bənd çox, ötən ilin sentyabr ayının yekununa nisbətən isə 0,3 bənd çoxdur.

Bu il oktyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 99,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,5 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,2 bənd az, illik müqayisədə isə 0,9 bənd azdır.

Azərbaycan manatının dövretmə sürəti haqda da məlumat verilib. Bankdan verilən xəbərə görə, hesabat dövründə manatın dövretmə sürəti 4,81 bənd təşkil edib ki, bu da, avqust ayının yekunu ilə müqayisədə 0,03 bənd çoxdur. Bununla belə, milli valyutanın dövretmə sürəti ilin əvvəlinə nisbətən 0,64 bənd, son 1 ildə isə 0,9 bənd azalıb.