Kimya sənayesi məhsullarının ixracında artım müşahidə edilir

2019.10.30 15:10 (UTC+04:00)

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan ixrac edilən məhsullar arasında meyvə-tərəvəz (389,8 milyon dollar), həmçinin plastmass və onlardan hazırlanan məmulatlar (152 milyon dollar) üstünlük təşkil edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseynin sözlərinə görə, Polimer və Karbamid zavodlarının fəaliyyətə başlaması Azərbaycanın ixracatına müsbət təsir göstərib: "Hər iki zavodun tam gücü ilə istehsala başlaması qeyri-neft sektoru üzrə ixracı 15 faizə qədər artıracaq. 2019-cu ilin 9 ayı ərzində "SOCAR Polymer" zavodu 63,7 milyon dollarlıq məhsul, o cümlədən 53,6 milyon dollar dəyərində ilkin formalı polipropilen ixrac edib. Bu nəticə ilə zavod qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçıları reytinqində 2-ci yeri tutub. Karbamid zavodunun istehsal etdiyi azot gübrəsi hazırda daha çox yerli tələbatın ödənilməsinə yönəldilir. Gələn ildən isə bu zavodun ixraca ciddi töhfə verəcəyi gözlənilir".

Səbuhi TURAN