Minimum pensiyanın artırılması minimum pensiya kapitalına yenidən baxılması zərurətini yaradır

2019.10.30 15:01 (UTC+04:00)

Minimum pensiya məbləği 200 manata çatdırılandan sonra pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb. Hazırda güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Məsələni şərh edən iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, vətəndaş 25 il işləməyibsə və 28.800 manat kapital yığa bilməyibsə, o zaman pensiya hüququ əldə edə bilmir.

Qeyd edək ki, minimum pensiya kapitalı minimum pensiya məbləğinə uyğun müəyyənləşir: "Gələcəkdə minimum pensiya artacağı halda minimum pensiya kapitalı da artacaq. Məsələn, minimum pensiya 300 manat olduqda minimum pensiya kapitalı 43.200 manat olacaq. Bu o deməkdir ki, minimum pensiya 300 manat olarsa, 25 il iş stajı olmayanlar 43.200 manat və daha çox pensiya kapitalı yığılanda pensiyaya çıxa biləcəklər".

Minimum pensiya kapitalının artmasını müsbət hal kimi qiymətləndirən ekspert bu məbləğ artdıqca gələcəkdə pensiyaya çıxmaq hüququ qazananların sayının da azala biləcəyini istisna etməyib: "Azərbaycanda pensiya islahatı gələcəkdə büdcədən vəsait ayırmadan sadəcə yığımlar hesabına pensiya verilməsini nəzərdə tutur. Uzun müddət gizli iqtisadiyyat, eləcə də qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksək olduğunu nəzərə alsaq, büdcənin töhfəsini aradan qaldırmaq doğru deyil".

V.Bayramov pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini dövlətin öz üzərinə götürməsini də təklif edib.