Ölkə üzrə bu günədək 257 min 773 ton pambıq yığılıb

2019.10.30 14:45 (UTC+04:00)

Oktyabrın 30-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 257 min 773 ton məhsul təhvil verilib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edək ki, bu il Azərbaycanda 100.111 hektar ərazidə pambıq əkilib. Saatlı (13.741 hektar), Ağcabədi (10.452 hektar), Biləsuvar (10.257 hektar), Bərdə (10.140 hektar), Beyləqan (9.706 hektar), Sabirabad (8.630 hektar) və İmişli (7.492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır.

Azərbaycanda pambıqçılığın yeni inkişaf dövrü bu istiqamətdə əsaslı tədbirlərin görüldüyü, pambıqçılığın inkişafını nəzərdə tutan Dövlət Proqramının qəbul olunduğu 2016-cı ildən başlayıb. 2015-ci ildə pambıq əkini sahələri 18,7 min hektar, məhsul istehsalı 35,2 min ton təşkil edib. Həmin illə müqayisədə 2016-cı ildə əkin sahələri 2,7 dəfə artırılaraq 51,4 min hektara, pambıq istehsalı isə 2,5 dəfə artaraq 89,4 min tona çatdırılıb. Müstəqillik dövründə ən çox pambıq istehsalı isə 2018-ci ildə qeydə alınıb. Ötən il ölkə üzrə sahələrdən 230,4 min ton xam pambıq yığılıb. Bu, 2015-ci ilin göstəricisindən 6,54 dəfə çoxdur.

Keçən il Azərbaycanda 132,5 min hektar sahədə pambıq əkilmişdi. 2019-cu ildə isə pambıq əkini sahələrinin həcmi məhsuldarlığı az olan torpaqların əkin dövriyyəsindən çıxarılması hesabına 100,1 min hektaradək azaldılıb. Bu addım pambıqçılıqda orta məhsuldarlığı artırmağa, pambıq əkini dövriyyəsindən çıxarılmış torpaqları daha səmərəli istifadə etməyə imkan verəcək. Artıq görülən işlər öz bəhrəsini verməkdədir. Əgər keçən il oktyabrın 30-dək 181 min 323 ton pambıq tədarük olunmuşdusa, bu ilin eyni dövründə ölkə üzrə pambıq qəbulu məntəqələrinə 257 min 773 ton məhsul təhvil verilib. Beləliklə, orta məhsuldarlıq ötən illə müqayisədə 8 sentnerədək artıb və nəticədə pambıq yığımında 42,2 faiz artım qeydə alınıb. Pambıq yığımı davam edir.