Gələn ilin dövlət büdcəsi müstəqillik tariximizin ən yüksək sosial və səhiyyə yönümlü büdcəsidir

2019.10.30 10:35 (UTC+04:00)

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev gələn ilin dövlət büdcəsi layihəsində sosial xərclərlə bağlı danışıb və bildirib ki, 2020-ci ilin dövlət büdcəsində bu istiqamətdə xərclər cari ilə nisbətən 8 faizdən çox artıb: "Beləliklə, gələn ilin dövlət büdcəsi layihəsində sosial xərclər 38,6 faiz təşkil edir. Bu, müstəqillik tariximizdə ən yüksək sosial yönümlü büdcədir. Büdcə xərclərinin böyük bir hissəsi səhiyyə xərclərinə ayrılıb. Səhiyyə xərcləri də bu ilə nisbətən 340 milyon manat, yaxud 31 faiz artaraq 1 milyard 400 milyon manat təşkil edir. Eyni zamanda, nəzərə alsaq ki, gələn ildən icbari tibbi sığortanın tətbiqi başlanacaq, sığorta ödəyənlərin, yəni işəgötürənlərin və işçilərin tibbi sığorta haqlarından da 500 milyon manat vəsaitin büdcəyə daxil olması gözlənilir. Beləliklə, bütövlükdə gələn il səhiyyə xərcləri 2 milyard manatdan çox olacaq. Bu da müstəqillik dövrümüzdə ən yüksək səhiyyə büdcəsidir".

Komitə sədrinin müavini qeyd edib ki, bu büdcə gələn il əhalinin tibbi xidmətlərə əlçatanlığının daha da yaxşılaşacağını söyləməyə əsas verir: "Tibbi xidmətlərin keyfiyyəti daha da yaxşılaşacaq. Vətəndaşların dövlət, o cümlədən "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində bütün müalicə xərclərini büdcədən və İcbari Tibbi Sığorta Fondundan ayrılan vəsait tam təmin edəcək".