Proaktiv biznes transformasiya strategiyalarının tətbiqi müzakirə edilib

2019.10.29 15:25 (UTC+04:00)

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirdiyi seminarın məqsədi təşkilata üzv olan ölkələrin vergi orqanlarında transformasiya strategiyalarının planlaşdırılması, icrası və monitorinqi sahəsində ən yaxşı təcrübələrin, üzləşilən problemlərin və onların həlli yollarının müzakirə edilməsi olub. Tədbir təqdimatlar, plenar, panel və qrup müzakirələri formasında təşkil edilib.

Seminarda "Strateji planlaşdırmadan layihələrin tətbiqinə doğru", "Verginin rəqəmsallaşdırılması" mövzularında təqdimatlar edilib. Seminar çərçivəsində keçirilən qrup iclaslarında vergi inzibatçılığında islahatların planlaşdırılması, maliyyələşdirilməsi və tətbiqi yolları ilə birlikdə biznes transformasiyalarının məqsədləri haqqında müzakirələr aparılıb.

Sonda seminar iştirakçılarının tədbirdən öyrəndiklərini paylaşmaq məqsədilə panel debat təşkil olunub.

Tədbirdə Azərbaycanı Vergilər Nazirliyinin Vergi siyasəti baş idarəsinin Vergi siyasəti və qanunvericiliyin təhlili idarəsinin əməkdaşı Tofiq Axundov təmsil edib.