Sahibkarların maliyyə qaynaqlarına əlçatanlığı artırılmalıdır

2019.10.29 14:52 (UTC+04:00)

Azərbaycanda iqtisadiyyatın daha da artması və şaxələndirilməsi üçün kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirmək lazımdır. Əhalinin məşğulluğunun təmin olunmasında və ümumi daxili məhsulun formalaşmasında bu sektorun payının çoxalmasına ehtiyac vardır. Ölkədə gedən iqtisadi proseslərlə bağlı "vergiler.az"a açıqlama verən iqtisadçı ekspert Samir Əliyev bildirib ki, bu gün hökumətin qarşısında duran əsas məsələlərdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir: "Neftin qiyməti ilə bağlı gələcək proqnozlar ziddiyyətlidir. Ona görə də qeyri-neft sektorunun inkişafı labüddür. Bu sektorun inkişafının yolu, ilk növbədə, əsas mexanizm olaraq sahibkarlığı inkişaf etdirməkdir. Burada isə güc daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməlidir. Dünya ölkələri ilə müqayisə etsək, Azərbaycanda istər məşğulluqda, istərsə də ümumi daxili məhsulun formalaşmasında kiçik və orta sahibkarlığın payı çox aşağıdır. Ona görə də bu sektoru inkişaf etdirmək vacib şərtdir".

Ekspert sahibkarlığı inkişaf etdirmək baxımından əhəmiyyət daşıyan yoxlamaların ciddi şəkildə aradan qaldırıldığını vurğulayıb. Kiçik və orta sahibkarlığın inkişafına maneə törədən digər amillər barədə bildirilib ki, əsas problemlərdən biri ölkədə rəqabət mühitinin zəif olmasıdır: "Rəqabət Məcəlləsi artıq 10 ildən çoxdur ki, hazırlanıb və parlamentə təqdim edilib. Bu sənəd qəbul edilməlidir. Digər tərəfdən, inhisarın aradan qaldırılmasının yollarından biri də özəl sektorun inkişafıdır. Azərbaycanda kommunal sektordan başlamış kənd təsərrüfatına qədər dövlətin rolu yüksəkdir. Ancaq dövlət getdikcə daha çox siyasəti müəyyən etməli, tənzimləmə işləri ilə məşğul olmalıdır. Bir sıra funksiyalar özəl sektora ötürülməlidir".

Ekspert kiçik və orta sahibkarlığın inkişafında daha bir maneə kimi maliyyə resusrslarına əlçatanlığın aşağı, kredit faizlərinin həddən artıq yüksək olduğunu göstərib: "2015-ci ildə baş verən devalvasiyadan sonra vətəndaşlara dəyən zərəri dövlət ödəsə də, sahibkarların problemləri hələ də qalmaqdadır. Onlar həmin dövrdə aldıqları kreditləri geri qaytara bilməyiblər və bu səbəbdən kredit tarixçəsi pisləşib. Ona görə də yenidən kredit ala bilmirlər. Bu məsələ öz həllini tapmalıdır. Sahibkarların xarici valyutada götürdüyü kreditlərin restrukturizasiyası həyata keçirilməlidir".

S.Əliyevin fikrincə, sahibkarlığın inkişafına nail olmaq üçün məhkəmə sisteminin təkmilləşməsi, mülkiyyət hüququnun qorunması kimi məsələlər həll edilməlidir. Onun sözlərinə görə, bu addımlar atılmasa, indiyədək görülən işlərin effektivliyi aşağı düşəcək.